"Qurban Qurbanov heykəli qoyulası adamdır"
16.09.2025 - 14:55
"Qurban Qurbanov heykəli qoyulası adamdır"

“Qarabağ”ın sabiq futbolçusu Əfran İsmayılov Apasport.az saytına müsahibə verib.

- "Qarabağ" bu gün Çempionlar Liqasının yeni formatında ilk oyununa çıxacaq. Necə düşünürsən, "Qarabağ" səfərdə "Benfika" qarşısında hansı nəticəyə ümid edə bilər? Uğurlu nəticə gözləyirsən sabiq komandandan?
- Çox gözəl atmosferdə, çox gözəl stadionda keçiriləcək matç. Bilirik ki, maraqlı qarşılaşma olacaq. Hər şeydən əvvəl onu deyim ki, "Qarabağ"ın ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsində çıxış etməsi böyük qürurdur. Bu da sevindirici haldır. Hər bir futbolçunun arzusudur ki, ÇL-də oynasın. "Qarabağ" bunu reallaşdırdı. Qurban Qurbanov komanda üçün bunu ikinci dəfə etdi. 

- "Qarabağ"dan "Braqa" ilə görüşlərdə də gözləntilər yüksək deyildi, amma uğur qazandı. Səncə, bu dəfə eyni ölkənin daha böyük klubuna qarşı keçiriləcək oyun aşağı-yuxarı "Braqa"ya qarşı matçları xatırladacaq?
- Çox çətin, ağır oyun olacaq. "Benfika" yetəri qədər güclüdür, yaxşı futbolçuları var. "Qarabağ" da yetərincə təcrübə toplayıb. Ona görə də maraqlı olacaq. Hər iki komanda hücum futbolu oynayandırlar. Keyfiyyətli futbol olacaq. İnanıram ki, "Qarabağ" Bakıya sərfəli nəticə ilə dönəcək. Məncə, heç-heçə olacaq. Ən pis halda isə "Benfika" bir top fərqi ilə öndə olacaq."Braqa" və "Benfika" komandalarının fərqi çoxdur. "Benfika"nın yetəri qədər təcrübəsi var. Düzdür, "Braqa" da əvvəllər güclü idi. İndiki halda "Benfika" daha keyfiyyətli və daha güclüdür. "Benfika" "Braqa"dan bir baş üstündür. Həmin görüşləri unutmaq lazımdır. Hazırki ən güclü formada olan "Benfika"ya qarşı ciddi yanaşmaq lazımdır.

- "Qarabağ"ın hücumçu transfer etməməsi çox müzakirə edildi və klub tənqid edildi. İndi isə Nəriman Axundzadə də zədəlidir. Sırf hücumçu Musa Qurbanlıdır. "Zirə" ilə görüşdə isə vinger Kamilo Duran hücumçu kimi oynadı. Səncə, irəli xətdə Duranın oynaması yaxşıdır, yoxsa Musanın?
- Bu söhbətlər çox müzakirə olundu. Bilirəm, hamının ürəyi "yanır", hamı istəyir ki, hər şey yaxşı olsun. Açıq desək, hücumçu gəlsəydi, "Qarabağ" bu Çempionlar Liqasının əsas mərhələsində nə edəcəkdi? İkinci məsələ odur ki, heç kim Qurban Qurbanovdan yaxşı bilə-bilməz. Mən də azarkeş kimi düşünə bilərəm ki, hücumçu yoxdur, filan. Amma "Qarabağ"da oynamışam, Qurban Qurbanovun rəhbərliyi altında. Onların strategiyası nədir, vəziyyət nədir bilirəm. Nələr fikirləşdiklərini çox gözəl bilirəm. Əminəm ki, onlar almaq istəyiblər. Çünki bazada çox olmuşam. Arada-bir ora gedirəm. 1-2 dəfə rast gəlmişəm ki, bir yekə ekran var, səhərdən-axşama Elçin Rəhmanov, Çudomir Çakarov, Qurban Qurbanov hamısı futbolçulara baxırlar. Məşqə gedib-gəlirlər, yenə futbolçulara baxırlar, izləyirlər. Futbolçu izləmək çətindir, Azərbaycana gətirmək çətindir. Hamı elə bilir ki, rahatdır da, pulunu verdin, aldın. O qədər şərtlər var ki. Futbolçunu razı salmaq lazımdır. Mən də "Araz-Naxçıvan"dayam da, işləyirik, görürük. Hər şey pulun üzərində qurulmur. Ona görə deyirəm ki, bilmədiyimiz çox şeylər var. Hamıdan çox Qurban müəllimin özü istəyir ki, "Qarabağ" daha yaxşı yerlərdə olsun. Ancaq bilmədiyimiz məqamlar var.

- Ümumiyyətlə, "Qarabağ"ın bu mövsüm ÇL-də təxmini necə xal toplaya biləcəyini düşünürsən? Hansısa böyük sürprizə inanırsan? Rəqiblər "Liverpul", "Çelsi", "Napoli", "Atletik"(Bilbao), "Kopenhagen", "Ayaks" və "Ayntraxt"(Frankfurt) klubudur...
- Çox çətin oyunlar olacaq. Özü də ağır oyunlar səfərdədir. Bircə "Kopenhagen"dir ki, Bakıda oynayırıq, xal ala bilərik. Bu realdır. Güclü xal alası yer görmürəm. Bəlkə getdikcə, artırdıqca onu zaman göstərəcək. Əsas odur ki, "Qarabağ" ÇL-in əsas mərhələsindədir, bunu bacarıb. Ona görə sevinmək lazımdır. 

- Son olaraq istəyirdim soruşum. 2017/2018 mövsümündə "Qarabağ"ın ÇL-in qrupuna düşdüyü heyətlə indiki arasında fərq çoxdur? Hansı daha güclü görünür?
- Bunu müqayisə etmək lazım deyil. Əsas odur ki, hər iki heyət bunu bacarıb. Düzdür, əvvəlki heyətdə Qurban müəllimin əlində material daha çox idi. O heyət də, bu heyət də, fərqi yoxdur. Bəlkə heç kimin ağlına gəlməzdə ki, "Qarabağ" ÇL-in əsas mərhələsinə düşəcək. Amma bunu bacardılar. Hansı heyət olursa-olsun, burada baş memar Qurban Qurbanovdur. Neçə illərdir ki, qruplarda oynadır komandanı. Bu haqda danışmaq lazımdır. Onun barədə danışmaq lazımdır ki, heykəli qoyulası adamdır. Azərbaycan futbolunun yükünü belində daşıyır".