Rza Cəfərova Avropadan təklif – Son qərar “Neftçi”də
03.07.2025 - 15:54
Rza Cəfərova Avropadan təklif – Son qərar “Neftçi”də

“Neftçi” və Azərbaycan milli komandasının qapıçısı Rza Cəfərovun “Dinamo”ya (Buxarest) keçidi gündəmdədir.

Rumıniya nəhəngi gənc qolkiperin transferi üçün Bakı təmsilçisi ilə danışıqlar aparır.

Apasport.az saytına verilən məlumata görə, “Dinamo”nun Rza ilə maraqlanması birdən-birə baş verməyib.

Belə ki, Buxarest klubunun məşqçilər korpusunda yer alan Mihai-Qavril Nedeban Cəfərovun transfer edilməsini istəyib.

Rumın mütəxəssis 2023-cü ildə Adrian Mutunun rəhbərliyi altında “Neftçi”də qapıçılar üzrə məşqçi kimi çalışıb. Cəfərovu məhz həmin vaxtdan tanıyan Nedeban millimizin üzvü ilə bağlı rəhbərliyə və hazırkı baş məşqçi Jelko Sopiçə məlumat verib. Klub da onu transfer etmək üçün “Neftçi” ilə danışıqlar aparmağa başlayıb.

Keçidin yaxın vaxtlarda baş tutub-tutmayacağı dəqiqləşəcək.

Qeyd edək ki, Rza 2022-ci ildən “ağ-qaralar”ın əsas komandasında çıxış edir. 22 yaşlı qolkiperin “Neftçi” ilə müqavilə müddəti 2027-ci ilə qədərdir.