Samir Abasov: “Bu işi davam etdirəcəyik”
14.09.2025 - 21:32
Samir Abasov: “Bu işi davam etdirəcəyik”

Misli Premyer Liqasının IV turunun "Neftçi" - "Sabah" matçından (0:0) sonra meydan sahiblərinin baş məşqçisi Samir Abasovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

"Futbolçularıma sağ ol deməyə borcluyam. Çox əziyyət çəkdilər, qaçdılar. Çox yaxşı şeylər etməyə çalışdılar. "Turan Tovuz" oyunuda xal itirdik, 10 nəfərlə qaldıqda da dominant idik. Özümüz üçün sual verirdik ki, bu oyun necə olacaq? Bu görüşdə daha yaxşı oynayan komanda gördük. İtkilərimiz var idi. Buna baxmayaraq, futboldan, oynadığımız oyundan çox məmnun qaldım. Azarkeşlərimizi başa düşürəm. Nəticə yoxdursa, danışılan sözlər də bəlkə qəbul olunmur. Hamı gözləyirdi ki, birinci oyunda qələbə olacaq. Başa düşürəm. Bir komandanı stressiz, təzyiqsiz oyunlara hazırlamağı bacarırıq. Onlarda udmaq mentalitetini yaratmaq, aşılamaq, mübarizə aparmağı komandamda görürəm. Sadəcə danışa bilmədiyimiz məqam bizim dilimizi kəsən nəticədir. Bu işi davam etdirəcəyik. Daha da yaxşı oyun oynayacağıq. Bəzi epizodlarda meydanda bir komanda var idi, o da "Neftçi". Vurulmayan epizodlar... Onu nə ilə bağlayım, bilmirəm. Yeni qurulan komanda üçün bu cür rəqiblərə qarşı neçə epizod yarada bilərik? Ümid edirk ki, yaxşı oyunun sonunda yaxşı olacaq".

- Murad Xaçayev çox yaxşı oynadı. İqor Ribeyro qayıtdıqdan sonra onu və ya Elvin Bədəlovu ehtiyatda görə bilərik?
- Komandaya gələnlərin hamısından məmnunuq. İndi vəziyyət elə gətirdi ki, Xaçayev oynadı. Bütün komandadan razıyam. Elvin və Murad gələndə ətrafda nə qədər söhbətlər gedirdi. Çox yaxşı işlər gördü Elvin də, Murad da. Kimin ehtiyatda olacağını deyə bilmərik. Üçü də təki bu formada olsun, biz baş sındıraq ki, kimi oynadaq.

- "Neftçi" rəhbərliyi sizə zaman verəcək? İtirilən xallar....
- Bu suala cavab vermək istəmirəm. Buna cavab verəcək adam mən deyiləm. Çox çətin vəziyyətdəyik. Həmişə çətin olub. İşimiz bugünkü gündə oynadığımız futbolu daha da yaxşılaşdırmaqdır. Futbolçular ancaq ona köklənsinlər. Onlar da oxuyurlar, təzyiqi görürlər. Meydançadan kənarda da işlərimiz var ki, onu aşılamağa çalışırıq. Futbolumuzdan çox razıyam. Qol epizodlarını vura bilməməyin izahı məndə yoxdur. 

- Azərbaycan millisinin baş məşqçisi yerli, yoxsa əcnəbi mütəxəssis olarsa daha faydalı olar?
- Yerli məşqçinin tərəfdarıyam. Son oyun da göstərdi ki, bizi anlayan, futbolumuzun reallığını dərk edib, oyuna çıxaracaq varsa da, yerlidir. Kim olacaqsa, uğurlar arzulayıram, xeyirlisi olsun. 

- Penaltini necə şərh edərdiz?
- O məsələ mənim üçün anlaşılmaz qaldı. Referi epizodu görürdü və dərhal penalti verdi. Niyə VAR müdaxilə etdi? Top qapıya gedirdi, futbolçu onu əli ilə blok edirdi. Rəqib futbolçudan sonra heç kim yox idi. Varqasın epizodu var idi. Ən azından ikisindən biri penalti idi. Əminliklə deyirəm ki, qapımıza olsaydı, 100 faiz penalti veriləcəkdi. 

- Konkret futbolçu var ki, gətirəsiz?
- İşimiz dayanmayıb. Daim axtarışdayıq. Bütün transferləri öz üzərimə götürmüşəm. Biz daim axtarırıq. Konkret adlar çəkə bilmərəm. Baxdığımız oyunçular var. Sizi, insanları rahatlaşdırmaq üçün deyilən söz deyil. İnanıram ki, nələrsə çıxacaq.

- "Sabah"ın baş məşqçisi nəticəni ədalətli saydı. Siz necə hesab edirsiz?
- Biz qaib gəlməyə daha layiq idik.