Süleyman Əhmədov: “Aşağı pillələrdən uzaq olmağa çalışacağıq”
20.08.2025 - 18:45
Süleyman Əhmədov: “Aşağı pillələrdən uzaq olmağa çalışacağıq”

“Karvan-Yevlax”ın müdafiəçisi Süleyman Əhmədov Apasport.az saytına müsahibə verib.

- “Karvan-Yevlax” ilk turda “Qəbələ” ilə bərabərə qaldı. Bu, sizin istədiyiniz nəticə idi, yoxsa yalnız qələbə sizi razı salacaqdı?
- Çempionatın ilk oyunları hər zaman ağır olur. Komanda olaraq tam hazır durumda olmuruq, yeni komandayıq, yeni oyunçularımız adaptasiya dövrü keçir. Üç xal qazansaydıq, daha yaxşı olardı. Amma 1 xal da pis nəticə deyil. Hər halda, buna da şükür etmək lazımdır.

- Ümumiyyətlə, öz komandan sənin üçün güvən və inam verdi? Yəni, səncə komandanızın perspektivi, potensialı var, hansı yerlər üçün oynaya bilərsiz?
- Ümumi olaraq, komanda şəklində yaxşı, mehriban kollektivimiz var. Məşqlərdə və oyunlarda istəkli şəkildə davam etsək, istədiyimizə nail ola bilərik. Əlimizdən gələn qədər xallar qazanıb, aşağı pillələrdən uzaq olmağa çalışacağıq.

- “Karvan-Yevlax" hələ ki ev oyunlarını Yevlaxda keçirməyəcək. Bunun sizin üçün hansı təsiri var?
- Ev oyunlarını Yevlaxda keçirə bilməmək bizim üçün çətindir. Çünki hər kəs, yevlaxlı azarkeşlərin futbola nə qədər həvəsli və maraqlı olduğunu bilir. Onların dəstəyi ilə 12-ci oyunçu ruhunu özümüzdə hiss edib, daha çox xal qazana bilərik. Yeni stadionun tezliklə hazır olmasını səbirsizliklə gözləyirik. Allah qoysa, tezliklə bütün işlər bitər və doğma meydanımıza qayıdarıq.

- Növbəti görüşünüz Qəbələdə "Kəpəz”ə qarşıdır. Bu görüşdə komandanızın qələbə qazanmaq şanslarını necə dəyərləndirirsən? Rəqibiniz özü də ilk turda "Sumqayıt"a 0:3 hesabı ilə uduzdu..
- Rəqibin kimliyindən asılı olmayaraq, hamıya hörmətlə yanaşırıq. “Kəpəz” də bizim kimi, yeni yığılmış komandadır. İlk turda 0:3 hesabı ilə uduzmaqları bizi aldatmalı deyil. Yaxşı oyunçuları var. Diqqətli olub, qələbə qazanmağa çalışacağıq.

- Komandaya gələn legionerlərin say çoxdur. Onlarla münasibət necədir? Bir-birinizi başa düşürsüz, hansısa məqamda onlara köməklik göstərirsiz?
- Əlbəttə ki, hamsı ıilə münasibətimiz yaxşıdır. Onlar da adaptasiya dövrü keçirlər. Biz də əlimizdən gələn qədərilə onlara dəstək olmağa çalışırıq, kömək edirik. Mehriban və istəkli kollektiv yaratmağa çalışırıq.

Legioner limiti olmadığı üçün komandaların çoxu xarici futbolçulara üstünlük verirlər, amma tək-tük oynayan yerlilərdən biri də sənsən. Səncə, mövsümboyu bunu davam etdirə biləcəksən?
- Bunu zaman göstərəcək. Mən öz işimi görüb, performansımı artırararaq nəticələrimi yaxşılaşdırmalıyam. Təbii ki, şans veriləcəyi təqdirdə də, daim “Karvan-Yevlax”ın uğurlu nəticəsinə töhvə verməyə çalışacam.