
"Boluspor"dan ayrılan Vüsal İsgəndərli Apasport.az saytına müsahibə verib.
- Mövsümü "Boluspor"da keçirdin. Super Liqaya çıxmaq yolunda addımlar atsanız da, sonda alınmadı. Səncə, niyə bu dəfə də uduzduz və Super Liqaya yüksələ bilmədiz?
- "Boluspor"da iki ildə 2 dəfə pley-off oynamaq şansı qazandıq. Məncə, bu bizim üçün uğurlu nəticələrdir. "Bandırmaspor"la yarımfinal görüşünün ilk matçında heç şansımız gətirmədi. Ona görə sonda uduzduq.
- Ötən mövsüm və bu mövsümü müqayisə etsən, daha çox hansı sezondakı performansından razı qaldın?
- Mən "Boluspor"dakı mövsümlərimi dəyərləndirsəm, hər iki mövsüm fərqli mövqelərdə oynamışam. Fərqli təcrübələr qazanmışam. Bəli, istədiyim kimi olmadı. Ancaq bu da özüm üçün bir təcrübə oldu.
- Bu mövsüm sənin üçün ən yaddaqalan matç, hadisə hansı oldu? Ölkə kubokunda "Qalatasaray"a qol vurmağın ola bilər. Ümumiyyətlə, həmin qoldan sonra həm tanınmaq, həm də təklif baxımından müsbət tərəfi oldumu?
- Əslində, "Qalatasaray"a qol vurmaq gözəl hiss idi. Əlbəttə ki, qollarımın daha çox olmağını istəyirdim. Liqada da belə olmasını istəyərdim. Ancaq istədiyim kimi olmadı. Mövsümün ikinci yarısında daha çox oynadım. Oynadığım matçlarda daha çox assistlər etdim, qollar vurdum.
- "Boluspor"la müqavilə müddətin 2026-cı il iyunun 30-na qədər idi, amma komandada qalası olmadın. Səbən nə idi?
- Bəli, yüksək ehtimalla " Boluspor"dan ayrılacam. Karyeramı ölkə xaricində davam etdirəcəm.
- Bildiyim qədərilə, sənə Bosniya və Herseqovina, Albaniya, Türkiyə, Azərbaycan klublarından təkliflər var idi. Həmin təkliflərə hansı cavabı verdin? Bütün təklifləri geri çevirmisən, yoxsa bu ölkələrə yollanmağın mümkündür?
- Bəli, mümkündür. Yəqin ki, yaxın vaxtlarda hər şeyə aydınlıq gələcək.
- Yeni mövsümdən Azərbaycan Premyer Liqasında legioner limiti ləğv ediləcək. AFFA İcraiyyə Komitəsinin bu qərarı ilə bağlı fikrin necədir? Səncə, yerli futbolçular belədə, xaricə yollana biləcək, yoxsa, xaricdə bizim futbolçuları transfer etmək istəyən klublar çox azdır?
- Bunun haqda çox şey deyə bilmərəm. Çünki yerli oyunçular üçün həqiqətən də çətin olacaq.
- Əsas məsələ, milli komanda. Fernandu Santuş səni milli komandaya dəvət etmir. Səncə, Santuş səni izləyir? Mİlli komandaya dəvət edilməməyini nə ilə əlaqələndirirsən?
- Santuşun məni izlədiyini bilirəm. Daha çox oynayıb, milli komandaya yenidən qayıdacağıma əminəm. Fernandu Santuşun qərarına hörmətlə yanaşıram. Azərbaycan millisində daim oynamaq istəyirəm.