Emin Mahmudov: "Belə biabırçılıq bir daha təkrarlanmamalıdır"
06.09.2025 - 01:50
Emin Mahmudov: "Belə biabırçılıq bir daha təkrarlanmamalıdır"

"Biabırçı nəticə idi. Çox biabırçı oyun alındı".

Apasport.az xəbər verir ki, bu sözləri İslandiya ilə matçdan (0:5) sonra Azərbaycan millisinin kapitanı Emin Mahmudov deyib.

O, jurnalistlərə açıqlamasında görüşü dəyərləndirib: "Belə olacağını gözləmirdik. Fikirləşirdik ki, daha yaxşı oynaya bilərik. Bir söz demək olmur. Heç nə alınmadı. Nə topla, nə də topsuz nəsə edə bildik. Bizdən nəticə gözləyən azarkeşlərdən üzr istəyirəm. Oyundan sonra rahatdır demək ki, belə etsək belə olardı, elə etsək elə olardı. Əlbəttə, hamı günahkardır. Meydanda biz oynayırıq. Günahı heç kimin üzərinə atmaq istəmirəm. Mən də ən yaxşı oyunumu göstərmədim ki, nəsə deyim. Bu nəticədə hamı günahkardır. Hamı utanır, hər kəs daha yaxşı olmasını istəyirdi. Amma indiki halda deyəcək söz yoxdur. Nə olacağını bilmirəm. Belə nəticədən sonra Ukrayna ilə görüşə hazırlaşmaq çox çətindir. Amma başqa yolumuz yoxdur. Belə biabırçılıq bir daha təkrarlanmamalıdır".

Qeyd edək ki, Azərbaycan - Ukrayna görüşü sentyabrın 9-da Bakıda keçiriləcək.