Bakı Avropa Cüdo Ümidləri Turnirinin açılış mərasimi keçirilib - FOTO
26.07.2025 - 17:37
Bakı Avropa Cüdo Ümidləri Turnirinin açılış mərasimi keçirilib - FOTO

Abşeron Olimpiya İdman Kompleksində Avropa Cüdo Birliyinin (EJU) təşkilatçılığı ilə Bakı Avropa Cüdo Ümidləri Turnirinin açılış mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, tədbirdə Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini və idman direktoru Kamran Talıbov çıxış edərək ölkəmizdə ilk dəfə təşkil olunan bu turnirin əhəmiyyətini vurğulayıb.

O, yarışların yeniyetmə cüdoçuların praktiki bilik və təcrübələrinin artırılmasında mühüm rol oynadığını qeyd edərək, göstərilən etimada görə Avropa Cüdo Birliyinə təşəkkürünü bildirib.

Avropa Cüdo Birliyinin idman komissarı Pavel Volek isə çıxışında Azərbaycana göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. EJU rəsmisi turnir çərçivəsində keçirilən texniki sessiyalarda iştirak edən Kodokan mütəxəssislərin dəvəti qəbul edərək Bakıya gəlməsindən məmnunluğunu bildirib və bütün iştirakçılara uğurlar arzulayıb.

Rəsmi çıxışların ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Bakı Avropa Cüdo Ümidləri Turniri rəsmən açıq elan olunub.