Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya Olimpiya Komitəsinin hüquqlarını bərpa edib.
Apasport.az xəbər verir ki, bu barədə Rusiyanın idman naziri Mixail Deqtyaryov açıqlama verib.
Onun sözlərinə görə, BOK İcraiyyə Komitəsi 2023-cü ildə qəbul etdiyi, rusiyalı idmançıların yalnız neytral statusda fərdi yarışlarda iştirakına dair qərarı da ləğv edib. Bundan başqa, neytral statusla bağlı yoxlamalar dayandırılıb və Rusiyada beynəlxalq yarışların keçirilməsinə qoyulan qadağa aradan qaldırılıb.
Deqtyaryov bildirib ki, növbəti mərhələdə bu qərarların beynəlxalq idman federasiyalarında da tətbiq olunması istiqamətində iş aparılacaq. Onun sözlərinə görə, BOK-un qərarı olimpiya hərəkatının siyasətdən kənarda qalmalı olduğuna dair mühüm mesajdır.
Qeyd edək ki, Rusiya Olimpiya Komitəsi 2023-cü ilin oktyabrında Ukraynanın işğal olunmuş Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərindəki regional olimpiya şuralarını öz tərkibinə daxil etdiyinə görə BOK tərəfindən üzvlük hüququndan məhrum edilmişdi.
Bundan əvvəl isə Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra rusiyalı idmançılar beynəlxalq yarışlarda əsasən neytral statusda iştirak edə bilirdi.