DÇ-2026: FIFA dünya çempionatının rekord mükafat fondunu açıqladı
17.12.2025 - 19:32
DÇ-2026: FIFA dünya çempionatının rekord mükafat fondunu açıqladı

FIFA 2026-cı ildə keçiriləcək dünya çempionatının mükafat fondunu elan edib.

Apasport.az qurumunun rəsmi mənbəsinə istinadən xəbər verir ki, mundial üçün nəzərdə tutulan ümumi mükafat fondu 727 milyon ABŞ dollarıdır.

Bu vəsaitin 655 milyon dolları turnirdə iştirak edəcək 48 milli komandaya paylanacaq. Bu göstərici 2022-ci il dünya çempionatı ilə müqayisədə təxminən 50 faiz artım deməkdir.

Turnirin qalibi 50 milyon dollar mükafat əldə edəcək. Finalda məğlub olan komanda 33 milyon, üçüncü yerin sahibi 29 milyon, dördüncü yeri tutan yığma isə 27 milyon dollar qazanacaq. 5–8-ci yerlər 19 milyon, 9–16-cı yerlər 15 milyon, 17–32-ci yerlər 11 milyon, 33–48-ci yerlər isə 9 milyon dollarla mükafatlandırılacaq.

Bundan başqa, final mərhələsinə yüksələn hər bir milli komandaya hazırlıq xərclərinin qarşılanması üçün əlavə olaraq 1,5 milyon dollar ayrılacaq. Nəticədə, DÇ-2026-da iştirak edən hər bir yığma minimum 10,5 milyon avro gəlir əldə etmiş olacaq.

Qeyd edək ki, dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada təşkil olunacaq.