Ötən günlərdə "Qaziantep"in baş məşqçisi Burak Yılmaz "Rizespor"a 1:2 məğlub olduqları matçdan sonra mətbuat konfransında Türkiyə futbolunda şok effekti yaradan açıqlamalar vermişdi.
Gənc mütəxəssis hakimlər tərəfindən dəfələrlə haqlarının yeyildiyini, özünün mərc oyunları adıyla şərləndiyini, federasiya prezidentinin və ölkə futbolundakı bir sıra vəzifəli şəxslər tərəfindən "üstündən xətt çəkildiyini" iddia etmişdi.
Federasiya və hakimlər komitəsinin rəhbər şəxslərinin - İbrahim Hacıosmanoğlu, Ferhat Gündoğdunun üstün qüvvələr tərəfindən qorunduğunu bildirən Burak Yılmaz adıçəkilənləri istefaya səsləmişdi.
Apasport.az xəbər verir ki, bütün bu sözlər Burak Yılmaza baha başa gəlib. Belə ki, federasiya ona verilən cəzaları açıqlayıb.
Yılmaz 2 oyunluq cəza, 75 günlük hüquqdan məhrumetməylə yanaşı böyük maddi cəzayla da üzləşib.
Sabiq futbolçu mətbuat konfransında qadağan olunmuş ifadələr səsləndirdiyinə görə nə az, nə çox 1 milyon türk lirəsi məbləğində cərimə olunub.
Bundan əlavə o, idman prinsiplərinə zidd hərəkət etdiyi üçün daha 160 min TL cərimə ödəməli olacaq.
Xatırladaq ki, Burak Yılmaz məlum açıqlamalardan sonra "Qaziantep"in baş məşqçi postundan istefa verdiyini açıqlayıb.
- PSJ Reşfordla bağlı qərar verdi
- Azərbaycan milli komandasına yeni idman direktoru təyin edildi
- Voleybol üzrə ölkə çempionatının növbəti oyunlarına start veriləcək
- Cüdo millimizdə qalmaqal: “Zelim Kotsoyevin qardaşıdır deyə, məni qovdular”
- Şükrü Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Milli Gimnastika Arenasında olub