“Qəbirqazanlıqla” bitən karyera - ULDUZLAR 
02.03.2021 - 00:00
“Qəbirqazanlıqla” bitən karyera - ULDUZLAR 

Ötən əsrin 80-ci illərində küçədə keçirilən futbol oyunlarında məcburi qapıya qoyulanların bir təsəllisi var idi: zərbə zamanı “Zubizarretttaaaa” deyə qışqıraraq dirəklərə tərəf tullanıb asfaltda dizi parçalamaq.

Apasport.az saytının məlumatına görə, müasir dövrdə ata-analar üçün bu, qorxunc səslənsə də, bir vaxtlar qabıq bağlayan dizlər uşaqların cəngavərlik nişanı idi.

Başqa kənddə doğulan istetad
Məhəllələrin qəhrəmanı olan Andoni Zubizarreta 1961-ci ildə Areçavaletadakı bir kənddə anadan olmalı idi. Amma orada tibb məntəqəsi və həkim tapılmadığından, doğum yeri Vitoriyadır. Bəlkə də, tibb həmin vaxtlar o qədər inkişaf etməmişdi, amma futbolçu “ovçuları” hər yerdə var idi.

Kəndin “Arexabaleta” komandasında futbola başlayan Zubizarreta 18 yaşı tamam olmamış “Alaves”ə transfer olundu. Komanda II liqada mübarizə aparsa da, Andoni III liqada çıxış edən ehtiyat heyətə göndərildi. Amma oradan İspaniyanın aşağı yaş qrupu üzrə yığmasına dəvət alaraq, böyük gələcək vəd etdiyini göstərdi.

“Atletik” də gənc qapıçını digərlərindən tez kəşf etdi və “Alaves”dən aldı. Bilbao klubunun əsas qapıçısı Xose Anxel İribar idi. Zubizarretanın çərçivəyə keçməsi üçün İribarın başına bədbəxt hadisə gəlməli idi. Andoni ilk fürsəti 1981-ci ildə yaxaladı. “Atletik”in qapısını birinci dəfə qoruyanda 20 yaşının tamam olmasına iki gün qalmışdı. Baş məşqçinin doğum günü hədiyyəsi də əlcəklər oldu. Bu, La Liqada keçirəcəyi ardıcıl 17 mövsümün ilk görüşü idi.

“Barselona”ya gedən yol
Fəth ediləcək bir “qala” da var idi: Luis Arkonadanın qoruduğu İspaniya yığması. 1985-ci ildə ehtiyatda vaxtını gözləyən Andoni artıq DÇ-1986-da İspaniya yığmasının əsas qolkiperi idi. Yəni sakit və səbirlə gözlədi, ilk fürsətdə çərçivəyə keçərək bir daha heç kimə vermədi.

1986-cı ildəki dünya çempionatında çıxışı “Barselona” rəhbərliyinin diqqətini çəkdi. “Atletik” nə qədər pul istəsəydi veriləcəkdi. Belə də oldu, ölkənin ən yaxşı qapıçısı Kataloniya klubunun yolunu tutdu. 1986/87 mövsümündə İspaniya çempionatında ən az qol buraxan qapıçı olmaqla onun üçün xərclənən pula haqq etdiyini sübuta yetirdi.

Zubizarreta seyvlərini estetik tullanışla bəzəyərdi. Dizlərinin o qədər xəsarət almasının səbəbi də elə bu idi. Geridən oyunu oxumaq qabiliyyəti və hava toplarındakı hakimiyyəti onu xüsusi edirdi. Əsl lider idi, komandasını geridən “qızışdırmağı” bacarırdı. “Barselona”da ikinci kapitanlığa layiq görülməsinin və uzun illər bunu daşımasının ən önəmli səbəbi də bu xarakter idi.

Hər şey Yohan Kroyff gələnə qədər əla idi. Kroyffun qapıçıdan tələbi ayaqların işlək və texniki göstəricilərə malik olması idi. Təbii ki, oyun quruculuğunun olması da şərt idi. Kroyffun ilk mövsümündə Zubizarreta onun istədiyi səviyyəyə gələnə qədər ehtiyatda oturdu. Elə böyük istəyə malik idi ki, “Barselona”nın “qala”sını ikinci dəfə fəth etdi.

Avtobusda alınan “qara xəbər”
1994-cü ildə Çempionlar Liqasının finalında “Barselona” “Milan” önündə aşkar favorit sayılırdı. Ancaq 0:4 hesablı məğlubiyyətin tək səbəbkarı Andoni elan olundu. Hətta vəziyyət o həddə idi ki, ertəsi gün komandanın avtobusuna minərkən “özünə klub tap” əmri gəldi. “Valensiya”ya getdi, 4 mövsüm də orada keçirdi. Ümumilikdə 622 La Liqa matçında 625 qol buraxdı. Orta hesabla hər matça 1 qol düşürdü ki, bunu da dünya tarixində çox az qapıçı bacarar.

Zubizarreta bu qədər uğurlara baxmayaraq, DÇ-1998-də Nigeriya ilə görüşdə buraxdığı qolla İspaniyanın “qəbirqazanı” kimi xatırlandı. Bu onun qapıçı kimi son matçı idi. Karyerasını başa vurduğunu elan edən Andoni səbəbini belə izah etmişdi: “Futbolda bütün savablar hücumçulara, günahlar qapıçılara aiddir”. Bu cümlə ilə öz karyerasını da xarakterizə etmişdi.

60 yaşlı Andoni Zubizarreta İspaniyanın 1980-ci illərdəki ən böyük qapıçısı idi. Hətta bu gün də çoxları üçün İspaniya tarixinin ən güclü qapıçısıdır...

writer photo
Əlirza Əlirzalı
0