İdmanı qurban verən ULDUZLAR
27.09.2022 - 13:43
İdmanı qurban verən ULDUZLAR

İdman yüzlərlə, minlərlə ulduzun məşhurlaşmasında rol oynayıb. Lakin idmanla məşğul olub, sonradan başqa sahəyə yönələnlərin sayı daha çox – milyonlarladır. Onlardan bəziləri bu adımı atmaqlarının bəhrəsini də görüb.

Apasport.az saytı idmanda müəyyən uğurlar əldə etdikdən sonra digər sahədə daha böyük zirvələr fəth edənlərdən bəzilərini təqdim edir.

Till Lindemann
Məşhur “Rammştayn” qrupunun vokalisti üzgüçülük üzrə ADR yığmasının üzvü olub. Moskva Olimpiadası öncəsi qarın nahiyəsindən aldığı zədə idmana vida etməsi ilə nəticələnib.

Dolf Lundqren
Əfsanələşən “Rokki”də “İvan Draqo” obrazını canlandıran aktyor sonradan rejissor və ssenarist olsa da, idmanda da sözünü deyib. O, karate üzrə üçqat İsveç çempionudur. Dünya çempionatında gələcək qalibə uduzub. O, kapitanı olduğu İsveç yığması ilə Böyük Britaniya açıq çempionatında komanda yarışında birinci olub.

Zemfira
Rusiyalı müğənni, bəstəkar, şair, prodüserin boyu aldadıcı ola bilər. Amma 172 sm boya malik Zemfira yeniyetmələrdən ibarət Rusiya basketbol yığmasının kapitanı olub. Müdafiəçinin idmanı atmasına ən çox üzülən də məşqçiləri idi.

Ceyson Steytem
“Forsaj”, “Qarşısıalınmazlar”, “Adrenalin” kimi filmlərin ulduzu da idman karyerasını erkən başa vurub. 12 il suyatullanma ilə məşğul olan Ceyson Böyük Britaniya millisinin üzvü olub. O, hətta beynəlxalq yarışlarda da ölkəsini təmsil edib.

Mikki Rurk
“Qızıl qlobus”un sahibi, “Oskar”a nominant olan aktyorun peşəkar boksçu olduğu hamıya bəllidir. 8 dəfə rinqə çıxan Mikki 6 qələbə qazanıb və 2 heç-heçə edib. Bu döyüşlərdə milyon dollar qazanan idmançı beyin silkələnməsi və çoxsaylı sınıqlar da alıb.

Kurt Rassell
Hollivud ulduzunun arzusu beysbolçu olmaq idi. Aşağı liqalarda çıxış edən Kurtun irəliləyişinə çiynindən aldığı zədə səbəb olub. Müalicədən sonra meydana qayıdışı isə uğursuz alınıb.

Sonya Heni
Onlarla Hollivud filminin qəhrəmanı üçqat Olimpiya çempionudur. Norveçli fiqurlu konkisürənin imicini korlayan isə Adolf Hitlerlə şam yeməkləri və onun şəkillərini evində saxlaması idi.

Ceyson Li
“Qızıl qlobus”a nominantlardan olan Ceyson da peşəkar idmançı olub. O, skeytbordla məşğul olmağa üstünlük verib. Lakin həmin illərdə bu idman növü indiki qədər populyar deyildi.

İosif Kobzon
Müğənni, pedaqoq, ictimai xadim, çoxsaylı mükafatların sahibinin karyerasına nokaut təsir edib. Yeniyetmə boksçu Dnepropetrovsk şəhərinin, sonra Ukraynanın çempionu olub. Lakin döyüşlərin birində nokauta düşməsi ilə boksa vida etməyə qərar verib.

Jan-Pol Belmondo
Fransalı aktyor da şəhər çempionu adını qazanıb. O, bu uğuruna boksda imza atıb. Paris çempionu rinqdə olmasa, səhnədə milyonları fəth edib.

Karl Uezers
“Rokki”nin daha bir obrazı da idmançı olub. Amma vəhşi “Apollo” döyüş növlərində məşhurlaşmayıb. O, Amerika futbolu üzrə “Oklend Rayders”in oyunçusu olub.

Çak Norris
Əlbəyaxa döyüş filmlərinin qəhrəmanının idmançı olması xarici görünüşündən də hiss olunur. Karateçi dəfələrlə dünya çempionu tituluna yiyələnib. Bundan sonra idmana vida edən ulduz Hollivudda parlayıb.

Xavyer Bardem
“Oskar” laureatı reqbi üzrə İspaniya yığmasının üzvü olub. Bardem özü də idmançı vaxtlarını xatırlayır: “Artıq filmlərə çəkilməyə başlamışdım. Oyunlar zamanı rəqiblərin “bu ki filmdəki oğlandır” deməsini tez-tez eşidirdim. Mən isə “topu mənə verməyin” deyə düşünürdüm. Görünür ki, aktyor həyatı üçün idmandan getməliydim”.

Anna Semenoviç
“Blestyaşi” qrupunun sabiq solisti, aktrisa və teleaparıcı 3 yaşından fiqurlu konkisürmə ilə məşğul olub. Dəfələrlə ölkədaxili və beynəlxalq yarışlarda medallar qazanan idmançı 2000-ci ildə Rusiyanın vitse-çempionu olub. Beynəlxalq dərəcəli idman ustası karyerasını meniskindəki ağır zədə üzündən başa vurub.

writer photo
Əlirza Əlirzalı
0