Mərakeşdə boks üzrə Qızıl kəmər seriyası çərçivəsində ilin ilk turnirinə yekun vurulub.
Federasiyadan apasport.az saytına verilən məlumata görə, Azərbaycan millisi yarışı 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.
57 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov finalda rusiyalı Eduard Savvinlə qarşılaşıb. Hər 3 raundda inamlı mübarizə aparan boksçumuz yekunda 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə qələbə qazanaraq, çempion tituluna yiyələnib.
Onun uğurunu Nəbi İsgəndərov (67 kq) da təkrarlayıb. Gəncə boks məktəbinin yetirməsi finalda Tarxan İdiqova (Rusiya) gücünü göstərib. İsgəndərov inamlı mübarizə nəticəsində rəqibini 4:1 (29:28, 29:28, 28:29, 30:27, 30:27) hesabı ilə məğlub edərək Mərakeşdə Azərbaycan himnini səsləndirib.
86 kq çəkidə mübarizə aparan Alfonso Dominqes isə gümüş medalla kifayətlənib. O da finalda rusiyalı boksçu ilə döyüşüb. Lakin görüşdə Şarabutdin Atayev qalib gəldiyindən dünya çempionumuz fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Beləliklə, millimiz 34 ölkədən 201 boksçunun qatıldığı ilin ilk turnirini 5 medalla başa vurub. Komandamızın heyətində daha öncə Məsud Yusifzadə (51 kq) və Sərxan Əliyev (71 kq) bürünc medala yiyələniblər.
Qeyd edək ki, yarışın qalibi aktivinə 900, gümüş medalçısı 700 və üçüncüsü 500 reytinq xalı əlavə edib.