Adrian Mutu: "Rumıniyada çalışmağı xoşlayıram"
12.12.2023 - 23:03
Adrian Mutu: "Rumıniyada çalışmağı xoşlayıram"

"Neftçi"nin baş məşqçisi Adrian Mutu Rumıniya mətbuatına müsahibə verib.

Apasport.az xəbər verir ki, "Gazeta Sporturilor" nəşrinə danışan 44 yaşlı mütəxəssis "ağ-qaralar"da hər zaman təzyiqin olduğunu bildirib:

"Bir aydır ki, məğlub olmuruq, komanda daha yaxşıdır. Azərbaycanın böyük klubu olan “Neftçi”də həmişə təzyiq var. Hamı nəticə gözləyir". 

Mutu Premyer Liqanın 17-ci turunda qarşılaşacaqları "Qarabağ" haqda da danışıb. Rumıniyalı məşqçi Ağdam təmsilçisinin son illərdə çox inkişaf etdiyini bildirib:

"Bu oyun son 10 ildə ənənə halını alan derbidir. "Qarabağ" son 10-15 ildə çox inkişaf edib. Bizi çox çətin oyun gözləyir, “Qarabağ” yaxşı komandadır. Bunu Avropa Liqasının qrup mərhələsində sübut etdilər. Onlar indi Avropa baharı üçün mübarizə aparırlar".

Adı ÇFR-lə hallanan Mutu bu məsələ haqda da danışıb. O, Kluj təmsilçisindən heç bir təklif almadığını deyib:

"Mənimlə heç kim əlaqə saxlamayıb. Uzun illərdir adım ÇFR ilə birgə hallanır. Həqiqət olmayan mövzu haqqında danışmağa ehtiyac yoxdur. Məni indi yalnız “Neftçi” maraqlandırır. Bütün diqqətimi tam şəkildə komandama yönəltmişəm. Gələcəklə bağlı indidən nəsə demək düz olmaz. Həmişə demişəm ki, Rumıniyada çalışmağı xoşlayıram".

writer photo
Əlirza Əlirzalı
0