Adrian Pit: "Qarabağ"ın özünə də bir neçə il lazım gəldi” - MÜSAHİBƏ
02.11.2023 - 16:27
Adrian Pit: "Qarabağ"ın özünə də bir neçə il lazım gəldi” - MÜSAHİBƏ

“Xəzər Lənkəran”ın sabiq futbolçusu Adrian Pitin apasport.az saytına müsahibəsi

- Rumıniyada Adrian Mutunun “Neftçi”dəki fəaliyyəti haqda nə danışırlar, nə deyirlər? Hər şeyin yaxşı olduğunu düşünürlər?
- Təbii ki, Rumıniyada hər şeyi oxuyurlar, baxırlar. “Neftçi”nin matçlarına baxıb, necə oynadığına, nəticələrinə qiymət verirlər. Rumıniyada Mutunun işlərinin “Neftçi”də çox da yaxşı getmədiyini deyirlər.

- Mutunun “Neftçi”də işinin yaxşı getdiyini demək olmaz. Onlar son turda əsas rəqiblərindən olan “Sabah”a uduzublar – 0:1. Buna qədər də əsas rəqiblərindən olan “Qarabağ”la bacarmadılar...
- Bəli, mən də nəticələri izləyirəm. Oyunlara da ara-sıra baxıram. Həm “Sabah”a, həm də “Qarabağ”a uduzduqlarını gördüm. Hazırda “Neftçi” birinci yerdəki komandadan altı xal geridədir. Bunu hamı görür. 

- “Neftçi”nin hansı üslubda oynadığı bilinmir və ümumiyyətlə, komandadakı oyun şəkli görünmür. Sizcə, bunun üçün kifayət qədər vaxt keçməyib? Mutu az müddət deyil ki, “Neftçi”dədir...
- Məncə, hələ heç nə itirilməyib. Ancaq onlar artıq tez bir zamanda qalib gəlməlidirlər. Turnir cədvəlinə baxdım və gördüm ki, “Zirə” birinci pillədədir. Bu o deməkdir ki, Azərbaycanda çempionluq uğrunda mübarizə aparan tək komanda “Qarabağ” deyil. Hazırda üç komandanın 15 xalı var. Dekabra kimi nəticələri və oyunu da düzəltmək lazımdır. Vaxtı ilə "Qarabağ"ın özünə də bir neçə il lazım gəldi ki, titul uğrunda mübarizə aparan və uzun illər çempionluq yaşayan komanda yaratsınlar.

- “Neftçi” hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Sizcə, Mutu  “Neftçi”ni çempion edəcək, yoxsa bu, mümkün deyil?
- Hər şey ola bilər. Çünki turnir cədvəlindəki komandaların əksəriyyəti liderdən maksimum 6 xal geri qalır. Dekabr fasiləsinə qədər gözləyək və “Neftçi”nin harada olacağını görəcəyik.

- Sizcə, belə davam etsə, “Neftçi” başqa baş məşqçi axtarışına çıxmayacaq?
- Hər şey bağladığınız müqavilədən asılı olur. Məşqçilərin həyatı hər an nəticələrdən asılıdır. Amma bəlkə də Mutu klub rəhbərliyindən bir ilə komanda qurmaq üçün bütün güvəni alıb. Əminəm ki, Mutu və onun heyəti çox peşəkardır və işinə yaxşı hazırlaşır. İnamlı olub, dekabra qədər gözləmək lazımdır.
 

writer photo
Əlirza Əlirzalı
0