Aftandil Hacıyev: “Belə nəticələr dünya çempionatlarında nadir hallarda olur”
23.11.2022 - 15:46
Aftandil Hacıyev: “Belə nəticələr dünya çempionatlarında nadir hallarda olur”

“Son çempion Fransanın Avstraliyanı üstələməsi gözlənilən idi. 4:1 hesabını da qanunauyğunluq kimi saymaq olar”.

Bunu apasport.az saytına açıqlamasında futbol veteranı Aftandil Hacıyev Qətərdə keçirilən dünya çempionatında son çempion Fransanın Avstraliya ilə ilk matçını dəyərləndirərkən deyib.

41 yaşlı mütəxəssis C qrupundakı birinci qarşılaşmasında Səudiyyə Ərəbistanına (1:2) uduzan Argentinanın çıxışına da münasibət bildirib: “Mundialların qrup mərhələlərində belə sensasiyalar olur. Çempionatın favoritlərindən olan Argentinanın Səudiyyə Ərəbistanı kimi komandaya məğlubiyyəti gözlənilməz idi. Ancaq Argentinanın qarşıda hələ iki oyunu var. Qrupdan çıxmaq üçün həm Meksika, həm də Polşaya qalib gəlməlidirlər. İlk görüşdəki məğlubiyyət, bəlkə də, növbəti matçlar üçün faydalı olacaq”.

Argentina C qrupunda 2-ci, Fransa isə D qrupunda 1-ci yeri tutsa, 1/8 finalda rəqib olacaqlar. Hacıyev bunun erkən final olacağını düşünür: “İki favoritin 1/8 finalda üz-üzə gəlməsi erkən final olar. Belədə hər iki komandanın şanslarını yarı-yarıya deyərdim. Əlbəttə ki, son çempion Fransa daha təcrübəli görünür. Ancaq Messi amilini də unutmayaq. Argentina millisi bu titula daha çox yiyələnmək istəyir”.

Məşqçi E və F qrupların çərçivəsində bu gün baş tutacaq Almaniya – Yaponiya, İspaniya – Kosta Rika və Belçika – Kanada oyunlarında sürpriz gözləmir: “Ard-arda sensasiya olacağını düşünmürəm. Belə nəticələr dünya çempionatlarında nadir hallarda olur. Bu dəfə Argentinanın başına gəldi. Məncə, Almaniya, İspaniya və Belçika həm bu gün qələbə qazanacaq, həm də ümumilikdə qrupdan çıxacaqlar”.
 

writer photo
Əlirza Əlirzalı
0