Aleks Souza: “Kurban Berdıyevin məndən istədiyini həyata keçirmək istəyirəm” - Müsahibə
11.08.2024 - 13:11
Aleks Souza: “Kurban Berdıyevin məndən istədiyini həyata keçirmək istəyirəm” - Müsahibə

“Turan Tovuz”un hücumçusu Aleks Souza Apasport.az saytına müsahibə verib.

- "Turan Tovuz" Premyer Liqanın ilk turunda "Neftçi" ilə 0:0 oynadı. Həmin matçdakı nəticə sizi razı saldı? "Neftçi"yə qarşı yaxşı oynadığınızı düşünürsən?

- Mövsümün ilk oyunları hər zaman çətin keçir. Amma məncə, biz bu oyunda hətta qələbə qazana bilərdik. “Neftçi” kimi yaxşı komandaya qarşı oynayırdıq. Lakin nəticəni də pis hesab etmək olmaz. İlk oyuna çıxdıq, səfərdə də uduzmadıq. Halbuki, qələbə qazanmaq şansımız da var idi. Hər halda, mövsümə yaxşı başladıq.

- “Neftçi” ilə matçda meydana çıxmamağın zədə ilə bağlı idi? Bəs ikinci turda meydana çıxacaqsan, oynayacaqsan?

- Bəli, zədəli idim. Ona görə də “Neftçi” ilə görüşdə meydana çıxa bilmədim. Yoxsa, mən daim komandama kömək olmaq istəyirəm. İndiki vəziyyətim normaldır. Fikrimcə, sabahkı görüşdə meydanda olacam. Oynayası olsam, komanda üçün ən yaxşısını edəcəm.

- Bu mövsüm əsas hədəfin neçə qol vurmaqdır? Səncə, 10-dan çox qol vurmağı bacarasan? Bombardir olmaq hədəflərin arasında var?

- Mən yetərincə çox qol vurmaq istəyirəm. Komanda yoldaşlarıma və “Turan Tovuz”a kömək olmağı çox istəyirəm. Bu mövsüm çox yaxşı olmaq, “Turan Tovuz” üçün ən yaxşısını etmək istəyirəm. Ümidvaram və inanıram ki, bu məndə alınacaq. Komanda olaraq mövsümə yaxşı hazırlaşmışıq. Hamımız da maksimumu etməyə hazırıq.

- "Turan Tovuz"un yeni baş məşqçisi var. Kurban Berdıyev "Rubin"dəki işi ilə daha çox tanınıb. Onun haqda məlumatlı idin? "Turan Tovuz" artıq onun oyun fəlsəfəsinə öyrəşib? Səndən istədiyini yerinə yetirə biləcəksən?

- Düzünü desəm, əvvəlcədən onu tanımırdım. O, əla məşqçidir, əla da iş görür. Mən də ondan razıyam. Komandaya kömək üçün əlimdən gələni etmək və onun məndən istədiyini həyata keçirmək istəyirəm. İnanıram ki, bu məndə alınacaq. 

- "Turan Tovuz" növbəti turda "Sumqayıt"la qarşılaşacaq. Səncə, bu oyunda qələbə qazana biləcəksiz? Qələbə şanslarınızı necə dəyərləndirirsən?

- Biz “Neftçi” ilə oyundan sonra da yaxşı hazırlaşmışıq. Fikrimcə, bu görüşdə yaxşı oyun oynamalıyıq. Çünki “Sumqayıt” da yaxşı komandadır. Onlar da yaxşı futbol oynayır. Biz məşq etdiklərimizi oyun zamanı meydanda tətbiq etməliyik və üç xal axtarışına çıxacağıq. Ümidvaram ki, hər şey yaxşı alınacaq.

writer photo
Əlirza Əlirzalı
0