“Komandamız çox istəklidir”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Riçard Almeyda deyib
O, Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində Fransada keçiriləcək “Nant”a qarşı oyun öncəsi mətbuat konfransına qatılıb. Yarımmüdafiəçi sabahkı görüş barədə fikirlərini açıqlayıb: “Buradan müsbət nəticə ilə ayrılmaq istəyirik. “Nant”ın gücünə bələdik. Bilirik ki, yaxşı komandadır. Keyfiyyətli, oyunun nəticəsini dəyişə biləcək futbolçuları var. Amma biz də tam oyuna köklənmişik. Qarşılaşmaya hazırıq. Belə dolu stadionlarda azarkeşlər önündə oynamaq xoşumuza gəlir. Çox ümid edirəm ki, Bakıya yaxşı nəticə ilə qayıdacağıq”.
Qeyd edək ki, 4 turdan sonra “Qarabağ” 7 xalla ikinci, “Nant” 3 xalla üçüncü pillədə qərarlaşıb. Lider “Frayburq”un 12, autsayder “Olimpiakos”un 1 xalı var.