“Sumqayıt”dan ayrılan Araz Abdullayev qış fasiləsindən sonra da böyük ehtimalla karyerasını Azərbaycanda davam etdirəcək.
Apasport.az saytının əldə etdiyi məlumata görə, “gənclik şəhəri” təmsilçisi ilə müqaviləsinə xitam verilən 30 yaşlı yarımmüdafiəçi Premyer Liqanın başqa klubunun maraq dairəsindədir.
Azərbaycan millisinin sabiq üzvü ilə çempionatın debütantlarından olan “Şamaxı” maraqlanır. Şamaxılılar qış fasiləsində Araz Abdullayev və “Kəpəz”də əvəzedici heyətə göndərilən Rauf Əliyevin keçidi sayəsində hücum xəttini gücləndirməyi planlaşdırır. Tərəflər maliyyə məsələsində ortaq məxrəcə gəlsələr, yığmanın keçmiş oyunçuları “Şamaxı”da yenidən çiyin-çiyinə çıxış edəcək.
Qeyd edək ki, Araz Abdullayev “Sumqayıt”a bu ilin yanvarında Kipr klubu “Etnikos”dan keçib.