Arif Əsədov: “Onlar hələ açılmamış qutu kimidir”
24.11.2022 - 14:34
Arif Əsədov: “Onlar hələ açılmamış qutu kimidir”

“Matçdan əvvəl hamı Almaniyanı favorit qismində görürdü. Amma Səudiyyə Ərəbistanından sonra Yaponiya da sensasiyalı nəticə ilə hər kəsi yanıltdı”.

Bunu apasport.az saytına açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov Almaniya yığmasının dünya çempionatının qrup mərhələsində Yaponiyaya 1:2 hesabı ilə məğlub olduğu ilk oyun barədə danışarkən deyib.

52 yaşlı mütəxəssis yaponların bu qələbəsinin təsadüfi olmadığını düşünür: “Ardıcıl sürpriz nəticələr təsadüf deyil. Bu, futbolda dəyişikliklərin baş verdiyini, komandaların güc nisbətinin bərabərləşdiyini göstərir. Taktiki gedişlərin hesabına futbol favorit-autsayderə bölünmür. İstənilən komanda qarşısında futbol hegemonu olsa belə, qələbə qazanmaq gücündədir”.

Əsədov E qrupunun digər qarşılaşmasında İspaniyanın Kosta-Rikanı 7:0 hesabı ilə darmadağın etməsini də dəyərləndirib: “İspanlar fiziki yox, texniki futbola, çoxgedişli kombinasiyalara üstünlük verirlər. Rəqiblər də bundan əziyyət çəkirlər. Kosta-Rika görüşə istəkli başlasa da, İspaniyanın çoxgedişli ötürmələrinin qolla nəticələnəcəyi hiss olunurdu. Hesabı açdıqdan sonra da daha rahat oynadılar, 2-3 qolun ardından isə onların qarşısında durmaq mümkünsüz oldu. Luis Enrikenin gənc, istəkli kollektivi var. Bacardıqca çox qol vurmağa çalışırlar”.

Futbol veteranı almanların noyabrın 27-də II turda İspaniya üzərində qələbə qazanmaqdan başqa yolunun olmadığını vurğulayıb: “İspaniya ilə oyun almanlar üçün həlledici ola bilər. Bu iki komanda qrupda sonda 6 xal da toplaya bilər. Almaniya qələbə üçün əlindən gələni edəcək. Buna nə dərəcədə nail olacağını oyun göstərəcək. Almanlarda xarakter var ki, bunun sayəsində çətin anlarda vəziyyətdən çıxa bilirlər. İspanların mənfi cəhəti isə odur ki, hələ təcrübəli deyillər. Gənc komanda olduqlarından, haradasa ilişə bilərlər. Ancaq oyunu alınsa, İspaniyanın qarşısını almaq yenə çətin olacaq. Qrupun digər matçında Yaponiyanın Kosta-Rikanı məğlub etmək şansı 70 faizdir. Çünki Asiya təmsilçisi daha dinamik, sürətli futbola üstünlük verir”.

Arif Əsədov bu gün baş tutacaq G qrupunun Braziliya – Serbiya və H qrupunun Portuqaliya – Qana görüşlərinə də münasibət bildirib. O, Portuqaliya Braziliyanı DÇ-2022-nin favoriti hesab edir: “Hələ turnirdən əvvəl üç favoritim var idi – Braziliya, Portuqaliya və İspaniya. Portuqaliya Qana ilə görüşdə qələbəyə daha yaxın görünür. Amma son iki gündəki nəticələr göstərdi ki, yenə sürpriz baş verə bilər. Qana hələ açılmamış qutu kimidir. Braziliya – Serbiya duelində də birinciləri üstün görürəm. İndividual və texniki baxımdan cənubi amerikalılar güclüdür. Serbiyanın isə intizamlı futbol oynaması balansı bərabərləşdirə bilər”.

Mütəxəssisin fikrincə, Səudiyyə Ərəbistanı və Yaponiyanın nəticəsi digər yığmalara favoritlər önündə inam yaradır: “Turnirdəki nəticələrlə bütün komandalar tanış olurlar. Başa düşürlər ki, döyüşməklə istənilən rəqibdən xal almaq mümkündür. Digər tərəfdən indi futbolda taktiki savaş gedir. Futbol o qədər sürətli inkişaf edir ki, bütün komandalar oynamağı bacarır. Rəqiblər məhz gedişlər sayəsində ulduz futbolçuları neytrallaşdıra bilirlər. Necə ki, Səudiyyə Ərəbistanından olan oyunçular Argentina ilə görüşdə Lionel Messiyə imkan vermirdilər. Portuqaliyanın ulduzları da Qana önündə bu durumla üzləşə bilərlər. Ümumiyyətlə, bu mundialda daha çox komanda şəklində oyun və taktiki gedişlər həlledici rol oynayacaq”.

Qeyd edək ki, Portuqaliya – Qana oyunu Bakı vaxtı ilə saat 20:00-da, Braziliya – Serbiya görüşü isə 23:00-da başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0