Artim Şakiri: "Qarabağ" çox yaxşı futbol nümayiş etdirdi" - Müsahibə
15.03.2024 - 20:03
Artim Şakiri: "Qarabağ" çox yaxşı futbol nümayiş etdirdi" - Müsahibə

Vaxtilə"Qarabağ"da oynayan məşhur futbolçu Artim Şakiri apasport.az saytına müsahibə verib. Şimali Makedoniya futbolunun əfsanəsi, “Vest Bromviç” və “Qarabağ”ın keçmiş futbolçusu Ağdam klubunun avrokuboklardakı uğurunu şərh edib.

"Qarabağ"ın "Bayer"lə matçını ilk dəqiqədən sona qədər həyəcanla izlədim. Klubun bu qədər böyüməsi, inkişaf etməsi, məni çox sevindirdi. Təbii ki, son dəqiqələrdə buraxılan qollar məni çox üzdü. Amma bundan da öyrənəsi, qazanası şeylər var. "Qarabağ" "Bayer" kimi komandaya qarşı super futbol nümayiş etdirdi. Bu özü bir qələbə və böyük nailiyyətdir".

- "Qarabağ"ın meydanda azlıqda qalması uğurlu nəticənin əldə olunmasına nə qədər təsir göstərdi?
- Əlbəttə, qırmızı vərəqə çox böyük təsir etdi. Çünki təsəvvür edin, qarşınızda Almaniya Bundesliqasnın lideri, Avropa futbolunun hazırda məğlubedilməz rəqibi var. Onlara qarşı 11 nəfərlə oynamaq çətindir, qalmışdı ki, 10 nəfərlə... Bu çox çətindir. Yəqin ki, hamı bunu çox yaxşı başa düşür.

- Məğlubiyyətə əsas səbəb bu idi?
- Tam olaraq onu deməzdim. Amma azlıqda qalmağın da təsiri az deyil. Fikrimcə, sonda həlledici məqam konsentrasiya ilə bağlıdır. Bu cür matçlarda konsentrasiya yüksək səviyyədə olmalıdır. Əslində, "Qarabağ"da hər şey belə idi. Sadəcə yenə gəlirik azlıqda qalmaq məsələsinə. Məncə, "Qarabağ" çox yaxşı futbol nümayiş etdirdi.

- "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanı Azərbaycan Premyer Liqasından bu yerlərə gətirib çıxarmasına münasibətiniz necədir?
- Bəli, Qurban Qurbanov çox gözəl işlər görür. Bugünkü gündə onların belə yerlərə gəlib çıxması da, onun işinin nəticəsidir. Əlbəttə, klub rəhbərliyi də komanda üçün ən yaxşısını etmək üçün şərait yaradıb. Mən "Qarabağ"da olanda da belə idi, bunu görürdüm. Qurban Qurbanov da baş məşqçi kimi də, öz işinin öhdəsindən çox yaxşı şəkildə gəlir.

- “Qarabağ”ın bu yerlərə gəlib çıxması, “Bayer”ə çətin anlar yaşatmasından sonra düşünmək olar ki, yeni mövsüm Ağdam təmsilçisi Çempionlar Liqasına vəsiqə qazanarsa, qrup mərhələsinə qədər gedib çıxıb daha yaxşı nəticələr qazanar?
- İndiyə qədər gördükləri kimi yaxşı işlərlə bəli, “Qarabağ” Çempionlar Liqasında yenidən qruplara düşə bilər. Amma etiraf edək ki, Çempionlar Liqası üçün daha çox şey etməli olacaqlar. Çünki bu turnirdə işlər Avropa Liqası və Konfrans Liqasından daha çətindir. Lakin “Qarabağ” dayanmadan işləyir, inkişaf edir, nəticələr qazanır. Bu mənada, doğrudur, yeni mövsüm “Qarabağ”ın Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanacağını, orada da böyük işlər görəcəyini gözləmək olar.

- “Qarabağ”ın heyətində xüsusi bəyəndiyin oyunçu kimdir?
- “Qarabağ” əsl komanda kimi bir məqsəd üçün vuruşur. Sırf bir oyunçunun adını çəkə bilmərəm. “Qarabağ” komanda şəklində mənim çox xoşuma gəlir. Onlar həqiqətən birlik göstərib, bir motor kimi işləyirlər. Sizə etiraf edim, “Qarabağ”da oynadığım dövrlərdə komandanın gələcəkdə bu yerlərə gəlib çıxacağını ehtimal edirdim. Çünki rəhbərlik də komanda üçün dəstəyini əsirgəmirdi, məşqçilər korpusu da daim işləyirdi.

writer photo
Əlirza Əlirzalı
0