Ayxan Abbasov: "Bir az səbirli olsalar," Qarabağ"a rəqib olacaqlar" - Müsahibə
05.01.2024 - 14:52
Ayxan Abbasov: "Bir az səbirli olsalar," Qarabağ"a rəqib olacaqlar" - Müsahibə

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov apasport.az saytına müsahibə verib.

- Komandanın Antalya toplanışı artıq start götürüb. Toplanış necə keçir? Futbolçular fasilə zamanı formasından çox uzaq düşüb, yoxsa, sizcə, əvvəlki formaya qayıtmaq üçün çox da əziyyət çəkməyəcəksiz?
- Bəli, komanda Antalyada toplanışa başladı. Bu dəfə fasilə çox az oldu. Amma ağır oyunlar keçirmişik. Son oyunları da götürsək, sıx qrafikdə oynamışdıq. Futbolçularda yorğunluq hiss edilirdi. Ən çox da psixoloji yorğunluq olur. Futbolçuların istirahətə ehtiyacı olur. Onlar iki həftə dincəldilər. İlk məşqlərdən görünür ki, iki həftə onlar tam istirahət ediblər. Çalışacağıq ki, toplanışda futbolçular formalarını bərpa etsinlər. İnanıram ki, çətinlik çəkməyəcəyik.

- Komanda 4 gündən sonra ilk yoxlama görüşünü keçirəcək. Rəqib də "Voluntari"dir. Ümumiyyətlə, "Şiofok" və "Nasaf" klubları ilə də qarşılaşacaqsız. Rəqib seçimləri yaxşıdır?
- Bunun üzərində çox çalışdıq. Çox istəyirdik ki, Türkiyədə daha güclü rəqiblərlə qarşılaşaq. Toplanış zamanı digər ölkələrin klubları ilə qarşılaşmaq fürsətdir. Bizim üçün də önəmlidir. Rəqiblərimiz nə qədər güclü olsa, həm səhvlərimizi görəcəyik, həm də, daha yaxşı olmağa çalışacağıq. Bu da çempionatda xeyrimizə olacaq. “Voluntari” yaxşı komandadır, “Nasaf” da Asiya Çempionlar Liqasında pley-off mərhələsinə çıxıb. Ümumilikdə rəqiblərimiz pis deyil. Bizə verilən seçimlərdən ən yaxşılarını seçmişik.

- Fasilə zamanı hansı götür-qoyları etdiniz? "Turan Tovuz"dan mövsümün əvvəlində ötən illə müqayisədə gözləntilər daha böyük idi. Yəqin ki, özünüz də mövsümün ilk yarısındakı nəticələrdən razı deyilsiz, yoxsa 7-ci pillə sizi razı salır?
- Bəli, hər zaman təhlil edirik. Bugünkü gündə 7-ci yer və aktivimizdəki xal bizi qane edə bilməz. İtirdiyimiz xallara baxsaq, bir çox oyunlarda qələbəyə layiq idik. Ən azından bərabərlik olmalı idi. Ancaq təəssüf. Öz səhvlərimiz də var. Amma hakim səhvlərini də qeyd edərdim ki, ən azından 3-4 matçda nəticəyə təsir edən səhvlər oldu. Heç vaxt hakimlikdən danışmaq istəmirəm. Amma hakimlərin səhvləri bizə baha başa gəldi. Bura kubok oyununu da daxil edirəm. Çalışacağıq ki, qışdan sonra daha çox xallar toplayaq və yuxarı pillələrə qalxaq.

-Yeri gəlmişkən, Eltun Turabovun sənəd məsələləsi artıq həll olunub və yerli futbolçu kimi onun xidmətindən istifadə edə biləcəksiz...
- Eltunun sənəd məsələsinin həll olunması bizi sevindirir. Düzdür, 6 aydır ki, oyun praktikası yoxdur. Ona da vaxt lazımdır. Məşqlərini yerinə yetirirdi. Ancaq oyunsuz həqiqətən də çətinlik çəkəcək. Antalya toplanışı da Eltun üçün fürsətdir. Çalışacağıq ki, ondan da istifadə edək.

- "Qarabağ" "Sabah"ın futbolçusu Aleksey İsayevi transfer etdi. Bu transfer sizin üçün gözlənilməz olmadıki? Sizin vaxtınızda "Sumqayıt"a gəlmişdi. İsayevin "Qarabağ"a xeyir verib-verməyəcəyi barədə fikriniz necədir?
- “Qarabağ” və “Sabah” bizim rəqibimizdir. Hansı futbolçunu transfer edirlərsə, bu haqda çox da geniş danışmaq istəməzdim. Aleksey İsayev futbolçum olub. Onun böyük potensialı var. O, hər komandaya güc qata bilər. Məncə, “Qarabağ”a da kömək edəcək.

- Mövsümün ikinci yarısında "Qarabağ"a çempionluq mübarizəsində rəqib olacaq kimsə var? Ümumiyyətlə, liqanın ikinci yarısında hansı mübarizəni gözləyirsiz? 
- “Qarabağ” çempionatın əvvəlində xallar itirsə də, sonradan gördük ki, xalları qazandı. Bu gün onlara rəqib olmaq üçün tək meydançada rəqib olmaq kifayət deyil. Bunu qəbul etməliyik. “Qarabağ”a rəqib olmaq üçün meydançadan kənar, klub idarəetmə, klub olaraq böyük işlər görməli, səbirli olmaq lazımdır. Hələ ki, digər rəqiblər çətinlik çəkir. Bəli, yaxın olanlar, o işi görənlər var. Bir az səbirli olsalar, “Qarabağ”a rəqib olacaqlar. Amma tək meydançada “Qarabağ”a rəqib olub, çempionluq mübarizəsi aparmaq... Ola bilər ki, bir il hansısa komanda bu mübarizəni apara bilər. Amma növbəti illərdə də çempionluq mübarizəsi aparmaq üçün meydandan kənar işlər çoxdur. Söhbət klub idarəetməsindən, klub olmaqdan gedir.

writer photo
Əlirza Əlirzalı
0