"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasovun apaspot.az saytına müsahibəsi
- Türkiyə toplanışı artıq başa çatdı və geri qayıtmısız. Bu toplanışda sizi sevindirən, narazı salan, narahat edən hansı məqamlar oldu?
- Əlbəttə, komandanın öz formasına düşməsini istəyirdik. Bunun üçün bəlli plan var idi. Sevindirici amil odur ki, həmin planı həyata keçirə bilmişik. Oradakı şərait, hava, hər şey buna imkan verdi. Digər sevindirici məqam odur ki, zədəlilərimiz özlərinə gəldilər. Onlar 100 faiz toplanışda iştirak edə bildilər. Zədəlilərimiz olmadı, yoldaşlıq oyunlarında heç kim zədə almadı. Üzücü olan Cavid Tağıyevin toplanışın əvvəlində xəstələnməsi idi. Ondan sonra kiçik ağrıları oldu və bütün yoxlama oyunlarında iştirak edə bilmədi. Bu üzücü idi. Çünki onu da görmək istəyirdik. Amma futbolçular komanda şəklində istəkli oldular və bu bizi sevindirdi. İnanıram ki, çempionatda bəhrəsini görərik.
- Transfer pəncərələri zamanı əsasən diqqəti çəkən yeni gələnlər olur. Artıq Denis Marandiçi ilə müqavilə imzaladız. Toplanış zamanı iki qol vuran moldovalı haqda ümumi fikriniz necədir? Sizcə, liqada adından söz etdirəcək?
- Denisi yayda gətirmək istəyirdik. O, yayda daha yaxşı formada idi. Çünki daim oynayırdı. Amma alınmadı. Marandiç Bosniya və Herseqovina klubuna transfer oldu. Orada altı ay ərzində çox az şans qazandı. Denisin potensialı var. Yoldaşlıq görüşlərində qol vurmağı sevindiricidir ki, tez bir zamanda özünə inam qayıdar. Amma istədiyimiz tam ideal formada deyil. Bizim çempionat çətindir. Ancaq inanıram ki, Denis bu əzmkarlığı və istəyi ilə tez bir zamanda "Turan Tovuz" a xeyir verəcək. Əlbəttə, qışda transfer etmək, istədiyin futbolçunu tapmaq çətindir. Çalışırdıq ki, müdafiə və hücum xəttinə transfer edək. Bizə təklif olunan oyunçular var idi və onlar arasında seçim etmək istəyirdik. Baxışa da oyunçu çağırdıq. Amma futbolçunun 8 ay futboldan uzaq qalması görünürdü ki, ona vaxt lazımdır. Bu gün bizə tez bir zamanda komandaya uyğunlaşacaq, kömək edəcək oyunçu lazımdır.
- Albaniyalı Belaydi Pusini də heyətinizə qatmısız. “Skenderbeu”nun futbolçusunu necə yola gətirdiniz?
- Pusi daim məşq edən, fiziki durumu yaxşı olan oyunçudur. Klubu və özü ilə danışdıq. Razılaşdıq. Artıq komandaya qoşulub. İnanıram ki, bizə kömək olacaq.
- Bu transferlərlə artıq kifayətlənəcəyinizi demək olar?
- Transfer məsələsini bitirdik. Doğrudur, hər bir məşqçi istəyər ki, heyəti geniş olsun, rəqabət artsın. Əlbəttə istəyərdik ki, 1-2 mövqedə oyunçumuz olsun. Qışdan əvvəl görmüşdük ki, cəzalı və zədəli duruma düşən oyunçuları əvəzləmək çətindir. Zədələr çox olur. Çünki süni meydanda məşq edirik, oynayırıq. Qarşıda sıx qrafikimiz var. Bunları fikirləşəndə, geniş heyətin olmasını istəyirik. Amma iki transferi bacardıqsa, rəhbərliyə təşəkkür düşür. Çünki bu çətin durumda imkan yaratdılar ki, iki transfer edək. Gənclərimiz də var. Əsas odur ki, zədəlilərimiz olmasın. Bu heyətlə də mübarizə aparacağıq.
- Qış fasiləsi sizin üçün "Qarabağ"la oyunla bitəcək. Yəqin ki, təqvim baxımından yaxşı deyil?
- İlk üç turun çətin olduğunu bilirik. Bu, bütün komandalar üçün belədir. Futbolçular yenidən əvvəlki ritmə düşməlidir. Rəqib də "Qarabağ" olanda daha çətindir. Hər rəqiblə mübarizə aparırıq.
- "Qarabağ" barədə fikriniz necədir? Şahruddin Məhəmmədəliyev zədələnib, Kadi Borges "Krasnodar"a satıldı, Adama Diakabi gəlib...
- "Qarabağ" oturuşmuş heyətə malikdir. Orada Qurban Qurbanovun sistemi var. Çox kadilərin gəlib-getməsini görmüşük. Amma "Qarabağ"ın oyun fəlsəfəsi, oyunu heç vaxt zəifləməyib. Kadidən də güclü oyunçular gedəndə, belə fikirlər olurdu ki, oyunlarına təsir edəcək. Amma görmüşük ki, yeni oyunçular çıxıb. Çünki "Qarabağ"da sistem, fəlsəfə var. Ona görə onları hansısa futbolçuya görə yox, komanda olaraq dəyərləndirmək lazımdır. Bu komandaya qarşı oynamaq çətindir. Adama Diakabiyə də baxmışıq, böyük potensialı, karyerası olub. Futbolda belə şeylər olur, bir müddət futbolsuz qalmışdı. Yəqin ki, "Qarabağ" da əvvəlki formasına qovuşa bilər. Patrik Andrade Bolqarıstandan gəlmişdi, amma tez bir zamanda necə üst səviyyəyə qalxdı, gördük. "Qarabağ"da belə futbolçuların inkişafı olur. Konfrans Liqasında çətin oyunları var. Şahruddin Məhəmmədəliyevin zədələnməsi də yəqin onlara pis təsir edib.