"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 21-ci turunda səfərdə "Sabah"la 1:1 hesablı heç-heçə edib.
Apasport.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
" Çətin oyun idi, səfərdə oynayırdıq, rəqibin durumu bəlli idi. Baş məşqçinin gedişindən sonra futbolçular daha aqressiv olur. Bu da görünürdü. İlk dəqiqələrdə yaxşı idik, istədiyimiz qolu da vurduq. Ondan sonra da epizodlar oldu. Təəssüf ki, standart vəziyyətdən qol buraxdıq. İkinci hissədə mübarizə getdi, qol epizodları az oldu. Bir az itkilərimiz var idi. Xəstəliklə bağlı bir neçə futbolçu iştirak etmirdi. Bəzilərini xəstə ola-ola risk etdik. Çempionat daha çətin olacaq. Bundan sonra xallar qazanmaq məcburiyyətindəyik".
- 70-ci dəqiqədən sonra planınız nə idi?
- Xəyal və Fəridi buraxmaqla topa nəzarəti əldə etdik. Bir az sürətli hücumlar alınmadı. 70-ci dəqiqədən sonra topa sahibolmada rəqibi üstələdik və oyun sakitləşdi. Elə bunu istəyirdik. Futbolçular yorulmuşdu. Faiq, Denis hücumda bir az aktiv olsaydı, daha yaxşı ola bilərdi.
- Qələbə üçün nə çatmadı?
- Qol çatmadı. İkinci hissənin əvvəlində çox yaxşı epizodlar oldu. Hücumda istədiyimiz effekti tam ala bilmədik.
- Rəqibin baş məşqçisi Murad Musayev olsaydı, başqa cür ola bilərdi?
- Bunu demək çətindir. Bu gün Murad Musayevin komandası görünürdü. Oyun planında heç bir dəyişiklik görmədim.
- "Turan Tovuz"un bu mövsüm maksimum potensialı nədir?
- Mübarizə aparacağıq. Bu il klub olaraq qarşımıza başqa məqsədlər qoymuşuq. Bunun üzərində də çalışırıq. Bugünkü "Turan Tovuz" ilk gündəkindən fərqlidir. Gücümüz çatan qədər yuxarı pillələr üçün vuruşacağıq. Bundan əlavə görüləsi işlər var. Nəticədən önəmli faktorlar var ki, biz bu gün klub olmaq üçün bunları yavaş-yavaş düzəldirik.
- AFFA Hakimlər Komitəsinin rəhbəri ilə görüşünüz oldu. Bu görüşdən sonra nələrinsə dəyişəcəyinə ümid edirsiz?
- Ümidimiz odur ki, səhvlər azalsın. Bu gün İnqilab Məmmədov təcrübəsi ilə işinin öhdəsindən gəlir. İstədiyimiz odur ki, oyunun nəticəsinə təsir edən səhvlər olmasın. Gənc hakimlər çox səhvlər edir. Barış Şimşəklə bu haqda danışdıq. Futbolun içindəki faktorlardan biri də hakimlərdir.
- Son günlərdə legioner limitinin artırılması ilə bağlı müzakirələr gedir. Siz bunu necə dəyərləndirirsiniz?
- Çox təəssüf. Bu gün futbolun inkişafından danışırıqsa, limit ən axırıncı yerdədir. Bu gün meydançalar yoxdur. Daha çox baza sistemini düzəltmək lazımdır. 16-17 yaşlı uşaqlar menisküs əməliyyatı edir. Klublar nəticə qazandı, nə olacaq? Futbolun inkişafını deməyək, klublar deyir yerli oyunçular yoxdur. Mən heç vaxt bununla razılaşmamışam. Bu gün yerli futbolçular var, oynada bilərik. Gənclərin də yetişməsi üçün meydança lazımdır. Klublar büdcəsindən meydançalara da xərcləməlidir. Təəssüf ki, bəzi klublar bütün pulunu əsas komandaya xərcləyir. Nəsə etmək lazımdır. Biz bunu etmək istəyirik. Nəticə tələb edirlər, suallar olur ki, niyə avrokuboklar üçün oynamırsız? Amma bu gün Tovuzda bir dənə meydança var. Bir istəyirik ki, orada 4-5 meydança olsun, baza böyüsün. Bunlar olmasa, qalan şeylər müvəqqətidir.
- Bu cür təkliflərin edilməsi sizin gələcək planlarınıza təsir edə bilər?
- Yox. Biz klub olaraq tələsməyəcəyik. Transfer siyasətimizə baxın, böyük transferlər etməmişik. Edə bilərdik. Amma istəməmişəm. Bir il bir milyon qənaət edib onu dediyimiz yerə xərcləyə bilərik. Bununla yanaşı nəticə də istəyirik. Heç bir rəqibdən çəkinmirik, mübarizə aparırıq. Legioner limitinin 8+3 olması futbolun inkişafı deyil.
- Mətbuatın, ictimaiyyətin tutduğunuz yolda sizə dəstəyi var?
- Məncə, var. Futbolu bilən, futbolun gələcəyini fikirləşən bizi dəstəkləyir. Bir-iki oyunda uduzanda deyirlər nəticə yoxdur. Bu baxımdan tələskənlik var. Azarkeş basqısı ola bilər, bölgədir, bilmirlər. Biz də çalışırıq mütəmadi görüşlər edək, məqsədimizi başa salaq. İddialı yerlər üçün o qədər pul xərcləməmişik. Səbrli olmalıyıq.