Ayxan Abbasov: "Neçə illərdir, bunun acısını yaşayırıq" - Açıqlama
14.10.2024 - 13:32
Ayxan Abbasov: "Neçə illərdir, bunun acısını yaşayırıq" - Açıqlama

Azərbaycanlı futbol məşqçisi, “Şamaxı”nın çalışdırıcısı Ayxan Abbasov apasport.az saytına açıqlama verib. O, milli komandamızın uğursuz nəticələrindən söhbət açıb.

Abbasov, millimizin bu gün Slovakiyaya qarşı keçirəcəyi oyunda uğur qazanacağına ümid edir:

“Slovakiya ilə evdə oynayırıq. Nəticə haqda danışmaq çətindir. Çünki milli komandada bu dəqiqə psixoloji durum yaxşı deyil. Estoniya məğlubiyyətindən sonra futbolçularda ilk növbədə psixoloji durumu düzəltmək lazımdır. Azarkeşlərimizin qarşısında mütləq qələbə lazımdır. Ümid edirəm ki, qələbəni bu oyunda qazanacaqlar. 

Hər kəs deyir ki, bu dəqiqə millimizin ən yaxşı heyətidir. Bir çox futbolçular gənc yaşlarından millinin formasını geyinir, təcrübəsi də az deyil. Amma təəssüf ki, get-gedə nəticələr pisləşir. Milli ildən-ilə daha uğursuz olur. Neçə illərdir, bunun acısını yaşayırıq. Baş məşqçilər çox oldu, hər gələn məşqçi burada hansısa sistemi oturtmaq istəyir. Oyun baxımından bir sistemə keçmək və səbirli olmaq lazımdır. Təəssüf ki, son illərdə heç bir nəticə əldə edə bilmədik. Aşağı yaş qruplarından ibarət yığmalarımız da günü-gündən pisə doğru gedir”.

“Şamaxı”nın çalışdırıcısı millimizin qrupda sonuncu olarsa, D liqasına düşmək təhlükəsini isə bu cür şərh edib: “Bəlkə də D liqasına düşsək, hansısa tədbirlər görmək lazım olacaq. Burada söhbət təkcə millidən getmir. Gələcəyimiz üçün addımlar atmalıyıq. Bu, Azərbaycan futbolu üçün böyük siqnaldır. Bizdən də öncə başqa komandalar D liqasına düşüb, sonra oradan çıxıblar. Amma bizə gələcək baxımından siqnal verilir. U-21, U-19, U-17, U-16 yığmalarımız...Nəticəni qoyaq kənara, 5-10 il əvvəl bu komandalara qarşı daha yaxşı çıxış edirdik. İndi onlar bizi çox sürətlə keçiblər. Silkələnmək və ətraflı fikirləşmək lazımdır. Gələcəkdə nələr etməliyik, hansı addımlar atmalıyıq? Klublarımız, akademiyalarımız necə olmalıdır, futbolçularımız necə yetişməlidir? Ancaq düzgün nəticə çıxacaracağıqsa, D liqasına düşməyin də xeyri olar”.

writer photo
Əlirza Əlirzalı
0