“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovun apasport.az saytına müsahibəsi
- “Turan Tovuz” “Kəpəz”lə kubok matçında qalib gəlməyi bacardı. Fasiləyə məğlub yollanan komandaya nə dediniz ki, ikinci hissədə iki qol vuraraq qələbə qazandız?
- Bilirdik ki, həm Gəncədəki, həm də, Tovuzdakı matç çətin olacaq. İlk matçı oynadıq. Sona qədər mübarizə aparmaq lazım olduğunu bilirik. Gəncədəki görüşün ilk yarısında qol epizodlarımız var idi, dəyərləndirə bilmədik. Oyunun əvvəlində rəqib hesabı açdı, daha sonra penalti təyin edildi. Futbolçularla həmişəki kimi, fasilədə səhvlər haqda, daha inamlı oynamaları barədə danışdıq. Dəyişiklik etdik. Rəqibin üstün cəhətləri haqda futbolçularımıza məlumat verdik. Fasilədən sonra oyunçularımız hamısını yerinə yetirməyə çalışdılar. Nəticədə qalib gəldik.
- Sizcə, yarımfinala çıxmaq baxımından işin neçə faizinin öhdəsindən gəlmisiz?
- İndi səfər qolunun üstünlüyü yoxdur. Gəncədəki oyundan əvvəl şanslarımız 50/50 idisə, indi 40/60-a ola bilər. Amma anlayırıq ki, rəqibin vuracağı bir qol hər şeyin yenidən başlamasına səbəb ola bilər. Ona görə, ikinci matç daha çətin keçəcək. İlk oyunda komandalar ehtiyat edirdisə, indi rəqibə qol lazımdır. Bu da, oyunun daha çətin keçəcəyinə işarədir.
- Tovuzdakı matçda üstünlükləriniz nə ola bilər? Ot örtüyü, azarkeş, yoxsa elə hesabdakı üstünlük?
- Süni meydançada özümüz də çətinlik çəkirik. Həqiqəti demək lazımdır. Futbolçularımız zədələnir. Biz təbii örtüklü meydanda bundan daha yaxşı çıxış edirik. Amma azarkeş baxımından üstünlüyümüz olacaq. Sadiq azarkeşlərimizin bizi tək buraxmayacağına inanıram. Gəncədə də belə idi. İnanırıq ki, bu oyunda daha böyük dəstək olacaqlar.
- Yarımfinal astanasında ölkə çempionatında “Neftçi”yə qarşı ağır oyunun olması işinizi daha da çətinləşdirdiyini demək olar? Yəqin ki, bu oyunun olmamasını, yarımfinal görüşünə hazırlaşmağı seçərdiniz...
- İşimizin çətinliklərindən biri budur. Həm komandanı hazırlamaq, həm kökləmək... “Neftçi”yə qarşı oyun elə yarımfinal qədər önəmlidir. Çünki çempionatda da xal qazanmağımız vacibdir. Zədəlilərimiz var, kubokda cəzaya görə oynamayan futbolçularımız olacaq. Yarımfinalı hələ ki, düşünmürük. Hazırda tam olaraq “Neftçi”yə qarşı oyuna köklənmişik. Bu qarşılaşmadan sonra 4-5 gün vaxtımız olacaq ki, “Kəpəz”lə görüşə hazırlaşaq. Bu işin gözəlliyi odur ki, belə çətinliklər zamanı həm qərar verəsən, həm də oyuna hazırlaşassan. Çətin olsa da, belə görüşlər oynamaq gözəldir. Çalışacağıq ki, hər iki matça tam hazır olub, bacardığımız qədər irəli gedək.
- Bakıda xal aldığınız “Neftçi” ilə matç haqda fikriniz necədir? Tovuzda ən azı bu nəticəni təkrarlaya biləcəksiz?
- “Neftçi” həmişə “Neftçi” olub. Nə qədər çətin durumda olsalar da, hər matçda qələbə qazanmaq, çempionluğa oynamaq istəyirlər. İddialı olurlar. Ola bilər ki, hazırda hansısa çətinlikləri var. Amma həqiqətən oradakı futbolçuların keyfiyyəti göstərir ki, onlar hər matçda qalib gələ bilərlər. Bir oyunda xal almışıqsa, elə köklənmək lazım deyil ki, evdə də rahat olacaq. “Neftçi”dən xal almaq üçün çox əziyyət çəkib, çox çalışmalı və onlardan daha çox istəməlisən. Futbolçularıma inanıram. Çalışacağıq ki, xal ehtiyatımızı artıraq.
- “Turan Tovuz”un yarımfinala vəsiqə qazanması qışda büdcənin artmasına, heyətin genişlənməsinə və bir çox məsələlərə müsbət təsir edə bilər?
- Özüm də istəmirəm elə qələmə versinlər ki, sanki komanda yarımfinala çıxıbsa, kömək lazımdır. Mərhələ adladıq ya yox, komandaya kömək onsuz da lazımdır. Edə bilirlərsə, bunu “Turan Tovuz” üçün həyata keçirmək olar. Çempionat mövsümün sonuna qədər mübarizəli keçəcək. Demək olar ki, 5 komandanın xalı yaxındır. Bu, ona işarədir ki, qışdan sonra daha gərgin mübarizənin şahidi olacağıq. Əgər digər komandalar transfer edərlərsə, bizim üçün daha çətin görünə bilər. Mövsümün əvvəlindən avrokuboklara oynamaq fikrimiz yox idi. Komanda formalaşdırırdıq. Gerçək odur ki, birinci ildə bölgədə bunu etmək, digərlərinə yavaş-yavaş yaxınlaşmaq asan deyil. Akademiya, əsas komanda və əvəzedici heyət də, çalışır ki, heç kimdən geridə qalmasın. Amma bölgələrin öz çətinlikləri var. Bunu hamı bilir. Həmin çətinliklərə yaxşı bünövrə qoymaq lazımdır ki, gələcəkdə davam etməsin. Əlbəttə, komandaya əlavə sponsorlar lazımdır. Şərait baxımından çatışmazlıqlar var, bunu deyirik, onlar düzəlməlidir. İşıqlandırma, meydança məsələlərini nəzərdə tuturam. Bölgə klubunda şərait yüksək səviyyədə olsa, futbolçuların da bura rahat gəlib oynaması, hansısa fikrə düşməməsi gerçəkləşəcək. Bugünkü gündə xırda məsələləri həll etmək istəyirik. Böyük məsələləri klub fikirləşir. Rəhbərlik də nəsə etmək istəyir. Bunlar olarsa, sevinərik.