Azər Bağırov: "Bu gün penaltini vursaydıq, oyun fərqli məcrada keçərdi"
31.01.2024 - 18:47
Azər Bağırov: "Bu gün penaltini vursaydıq, oyun fərqli məcrada keçərdi"

"Çətin oyun oldu. Son üç gündür demək olar ki, məşqçi heyəti olaraq stressdəydik. Qrip virusuna yoluxmuşduq. Çətinliklərimiz oldu. Orta xətt bu gün bizi qane etdi. Əsasən də, irəliyə oynayan futbolçularımız".

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarında "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edən "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov deyib. O daha sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Say üstünlüyünə malik idiz, amma qalib gəlmədiz. Buna görə üzgünsüz?
- İstəyərdik ki, qalib gələk. Amma alınmayanda, alınmır. Hücumda olan gedişlar alınmadı. Üzülməyə dəyməz. Hər şey irəlidədir, heç nə bitməyib. İkinci hissə Qəbələdə olacaq.

- Kubokdakı bombardiriniz Aksel Nqandodur. Amma şans qazanmır. Rəqabətdə uduzur?
- Rəqabət məsələsi deyil. Akselin meydanı yaxşı görmək qabiliyyəti var. Monoton oyunçudur, amma çox ağıllı görür. Ona güvənirəm. 

- "Qarabağ" "Sabah"ı 7:1 uddu. Bir müddət əvvəl "Qarabağ"a 1:3 uduzmuşduz. Dünənki matçdan sonra düşündünüz ki, yaxşı qutarmısız?
- Yox, belə düşünmürəm. Əlbəttə ki, futbolda 6:1, 7:1 nəticələri də ola bilər. "Qarabağ"a qarşı üç oyun keçirmişik və futbolçular hamısında vuruşublar. Son matçda da Orxan epizodu vursaydı, başqa cür ola bilərdi. Futboldur da, şanssızlıq da yaşayırsan. Şanslı vaxtlarımız qarşıdadır. Bu gün penaltini vursaydıq, oyun fərqli məcrada keçərdi. Yaxşı qurtardıq düşüncəsi bizlik deyil.

- Finala qədər "Neftçi" və "Qarabağ"la qarşılaşmayacaqsınız. Özünüzü şanslı hesab edirsiz?
- Heyətimiz geniş deyil. Oyundan-oyuna komandanı daha yaxşı etmək istəyirik. Düşüncələrimiz oyunlarda nəticə qazanmaqdır. Hər oyuna nəticə üçün çıxırıq.

writer photo
Əlirza Əlirzalı
0