“Oyun istədiyimiz məcrada başlamadı. Uşaqlarda yüngül konsentrasiya itkinliyi var idi. Sonradan çalışdıq. Uşaqlar lazımı qaydada meydanda mübarizə apardılar, dediyimiz zonaları bağladılar. Futbolçuları təbrik edirəm. “İrəvan”a uğurlar”.
Apasport.az xəbər verir ki, bu sözləri Azərbaycan kubokunda 1/8 final mərhələsinin “İrəvan” “Araz-Naxçıvan” (2:8) matçından sonra təşkil olunan mətbuat konfransında Naxçıvan təmsilçisinin baş məşqçisi Azər Bağırov deyib.
Bağırov daha sonra jurnalistlərin suallarını cavablandırıb:
-8:2 hesabı səviyyə fərqinin göstəricisidir?
-Premyer Liqa və birinci liqa arasında fərq var. Bu gün nə qədər desək də, onların hazırlığı ilə bizimki arasında fərq yetəri qədərdir. Fərq nə qədər olsa da, futbolçular meydançada lazımı funksiyaları yerinə yetirəndə, ustalıq arxa planda qalır. Bu gün birinci divizionumuz belədir.
-Semir Bukviç 16 oyundan sonra əsas heyətdə şans qazandı, yenə səhvi oldu. Planlı dəyişiklik idi?
-Planlı dəyişiklik idi. Vüsala da şans vermək istəyirdik. “Kür-Araz”la kubok matçında da Semir başlamışdı, ondan sonra Vüsal dayandı. Hamısı planlı idi. Futbolda səhv həmişə var. Bəxtsizlik halına gəlib çıxıb ki, belə toplar buraxıb.
-Kubokda iddianız nədir?
-İstəyir kubok, istər çempionat oyununa iddialı çıxırıq. Komandanın oyununu daha da yaxşılaşdırmaq istəyirik. Maksimum nəticə nədirsə, kubokda da, liqada da edəcəyik. Təbii ki, qışda güclənməliyik. Çalışacağıq ki, qış fasiləsində bəzi dəyişiklik edək, əsasən də yerli oyunçular tapaq.
-Niyə hazırlığı Azərbaycanda keçəcəksiz?
-Komanda gec yığılacaq. Arada da 20 günlük fasilə qalır. Komandanı yığıb Türkiyəyə getmək... Zədələr filan ola bilər. Düşündük ki, həm Bakıda yığılaq, bir az hazırlaşaq. Qəbələ planımız da var. Ayın 10-dan sonra ora gedə bilərik.