“Qarabağ”ın sabiq kapitanı Azər Məmmədov apasport.az saytına müsahibə verib. O, Ağdam klubunun bu gün Avropa Liqasında 1/8 final mərhələsinin “Bayer”ə qarşı keçiriləcək cavab görüşü barədə danışıb.
- "Qarabağ" bu gün "Bayer"lə görüşə çıxacaq. İlk görüşdəki 2:2 hesablı bərabərlik "Qarabağ"a hansısa üstünlükləri qazandırır?
- Bəli, bu hesabın “Qarabağ” üçün üstün tərəfləri də var. İlk növbədə, bu hesab bizə mərhələ adlamaq üçün şans saxlayıb. Daha bir üstünlük odur ki, rəqibimiz hazırda dünyada məğlubiyyətsiz komandadır və bütün dünya onalardan danışır. Amma bizim futbolçular onlara 2 qol vurdu. Bu da bizimkilərdə özünəgüvən yarada bilər. Yəni, 2 qol vurmuşuqsa, Almaniyada da vura bilərik. Hər halda, rəqib “Bayer”dir, çətin olacaq. Amma komandamızın yenə də şansı var.
- Xabi Alonso ilk oyundan sonra sanki bir az ehtiyatlı danışır. Sizcə, bu nədən irəli gəlir?
- "Bayer"in Bakıdakı oyununda arxayınçılıq olduğunu düşünmürəm. Onlar “böyük beşlik” ölkəsinin klubudur. Almaniya klubunda peşəkarlıq daha yüksək olur. İnanmıram ki, arxayınçılıq var idi. Sadəcə burada "Qarabağ"ın gücünü gördülər. Xabi Alonsonun ehtiyatlı danışmasına gəlincə, məşqçi ehtiyatlı danışmalıdır, davranmalıdır. Çünki "Qarabağ"ın burada və ondan qabaqkı avrokuboklarda gücünü görüblər. Ona görə də, Xabi Alonso və onun komandası "Qarabağ"ı ciddiyə alırlar.
- "Qarabağ"ın Leverkuzendəki matçda tempə tab gətirəcəyinə inanırsan?
- Almaniya və Azərbaycan liqalarını müqayisə etsək, deyə bilərik ki, bizim liqa qat-qat aşağıdır. Bəzən bizdə elə oyunlar olur ki, çox templi... Məşqçilər oyundan sonra müsahibəsində də deyir ki, kaş hər oyun bu cür tempdə keçirilərdi. Bu bizim liqada tək-tük olan matçlardır. Reallıqla barışmalıyıq ki, Almaniya çempionatının və "Bayer"in hər oyunu yüksək templi keçir. Onlar bu tempi vərdiş halına gətiriblər. Daxili çempionatda "Qarabağ"ın belə rəqibləri yoxdur , "Bayer"də isə var. Bakıdakı oyundada ikinci hissədə hamımız gördük ki, "Bayer"in verdiyi tempə tab gətirmək çətin oldu. Bu dəfə də çətin olacaq. Buna baxmayaraq, "Qarabağ" bu dəqiqə elə səviyyədədir ki, onlar üçün mümkünsüz heç nə yoxdur. Mərhələni keçmək də olar.
- "Qarabağ"ın mərhələ adlamaq şanslarını necə görürsüz? Səncə, "Qarabağ" bunu reallaşdırmaq gücünə malikdir?
- "Bayer" çox güclüdür. Hazırda bütün dünya onların məğlubiyyətsiz seriyasından, oyunundan, Xabi Alonsonun işindən danışır. Dünyada yüksəlişdə olanlardan biridir. "Qarabağ" üçün ağır olacaq. Amma bəzən futbolda gözlənilməz nəticələr də qeydə alınır. Bir də görürsən ki, gözləmədiyin komanda güclü rəqibini məğlub edir. "Qarabağ" bunu "Braqa" ilə matçda da göstərdi. "Bayer"i keçmək ehtimalımız var.
- Bu oyunda Julio Romao – Marko Yankoviç tandeminin üstünə daha çox yük düşəcək?
- "Qarabağ"da elə sistem qurulub ki, hansısa oyunçu olmayanda, başqa futbolçu var. Kiminsə olmaması qabarıq şəkildə özünü biruzə vermir. Romao və Elvinin meydanda olması "Qarabağ" üçün böyük üstünlükdür. Çünki önəmli fiqurlardır. Çox faydalı və uğurlu olacaqlarını düşünürəm.
- Səncə, cavab görüşündə "Qarabağ" necə oynamalıdır? Bakıdakı matçın davamını?
- Neçə illərdir ki, "Qarabağ"ın və Qurban Qurbanovun öz oyun üslubu, öz oyun fəlsəfəsi var ki, ondan dönmürlər. Çempionlar Liqası, Konfrans Liqası, Avropa Liqası və Azərbaycan çempionatında da hücum futbolu oynayırlar və bəhərsini görürlər. Düşünmürəm ki, bu oyuna "Qarabağ" dəyişiklik edib, müdafiədə oynasın. Bəli, ehtiyatlı olacaqlar. Amma öz oyun üslublarından dönməyəcəklər. Etiraf edək ki, "Qarabağ"ın uğuru da öz oyun üslubundan dönməməkləridir.
- Siz də vaxtilə "Qarabağ"ın kapitanı olmusuz. Bir müddət də Rəşad Sadıqovun dövründə meydanda əsl kapitan olduğu hiss edilirdi. Sizcə, indi kapitan məsələsi ilə bağlı "Qarabağ"da durum necədir?
- Maksim Medvedev oynayanda, kapitan sarğısı onda olur, olmayanda isə Bədavi Hüseynova verilir. Hər iki futbolçu kapitanlığın öhdəsindən lazımınca gəlirlər. "Qarabağ" kimi komandanın kapitanı olmaq elə-belə deyil. Çünki orada böyük futbolçular var. Onları meydanda və meydanda kənarda idarə etmək məsələsi var. Bunun üçün hörmət, nüfuz və karyera lazımdır. Maksim və Bədavi Hüseynovda da dediyim kriteriyalar var. Kapitanlıq öhdəliklərini çox yaxşı və uğurlu yerinə yetirirlər.