Krakov-2023 III Avropa Oyunlarında boks yarışları davam edir. Bu gün həlledici döyüşlərə start veriləcək.
Federasiyadan apasport.az saytına verilən məlumata görə, kişi boksçular iki gün ərzində 7 çəkidə qızıl və gümüş medalların sahiblərini müəyyənləşdirəcək. Final qarşılaşmalarında 13 müxtəlif ölkənin boksçuları rinqə çıxacaq.
Azərbaycan millisi də həlledici görüşlərdə təmsil olunan komandalar sırasında yer alıb. Məhəmməd Abdullayev +92 kq çəkidə qızıl medal üçün mübarizə aparacaq.
Final həyəcanı yaşayacaq yığmalardan yalnız Fransanın iki üzvü rinqə çıxacaq. Türkiyə, Bolqarıstan, Gürcüstan, Serbiya, Danimarka, Ukrayna, Xorvatiya, İrlandiya, İtaliya, Böyük Britaniya və İspaniya isə yığmamız kimi bir boksçusundan qızıl gözləyir.
Bir gün əvvəl başa çatan yarımfinal döyüşləri təkcə finalçıları deyil, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyaların sahiblərini də müəyyənləşdirib. 14 finalçı ilə yanaşı, 4 çəkidə yarımfinalçılar da bu hüquqa yiyələnib. 51 kq, 92 kq və +92 kq çəkidə iki, 57 kq, 63,5 kq, 71 kq və 80 kq kateqoriyasında dörd boksçu Fransa paytaxtına vəsiqə qazanıb.
Avropadan Parisə birbaşa 22 lisenziyadan ikisi Azərbaycana gəlib. Məhəmməddən başqa, bürünc medalla kifayətlənən Murad Allahverdiyev (80 kq) də bu uğura sevinib.
Düzdür, Avropa yığmaları Krakov-2023-dən sonra da Olimpiadaya lisenziya qazana bilər. Amma taleyinin 2024-cü ildə təşkil olunacaq iki Dünya təsnifat turnirindən asılı olmasına imkan verməyən 22 boksçu artıq Paris-2024-ə hazırlaşa bilər.
Yalnız 16 yığma artıq belə lisenziya əldə edib. Azərbaycan millisi Türkiyə, İrlandiya, İtaliya və Bolqarıstan kimi 2 vəsiqə qazanıb. Bu göstəricidə lider Fransadır – 3 lisenziya. İspaniya, İsveç, Belçika, Gürcüstan, Macarıstan, Serbiya, Danimarka, Ukrayna, Xorvatiya və Böyük Britaniya Olimpiya Oyunlarında bir boksçu ilə təmsil olunmaq hüququna sahib çıxıb.
Qeyd edək ki, kişi boksçuların yarışında 42 ölkənin təmsilçiləri mübarizə aparıb. Yığmamız bütün çəkilərdə təmsil olunub.
- “Qarabağ” - “Neftçi”: Hər 2 komandada oynayanların SİMVOLİK “11-LİY”i
- İrfan Can Kahvecinin "Fənərbaxça" qərarı
- Millimizin Avropa çempionatındakı oyunlarının vaxtı bilindi
- Danimarka Serbiya ilə bütün görüşlərdən qalib ayrılıb - Statistika
- Mərakeşin qapıçısı penaltilər barədə: "Bir az intuisiya və bir az da şans"