“Qarabağ” - “Neftçi”: Hər 2 komandada oynayanların SİMVOLİK “11-LİY”i
30.09.2022 - 15:46
“Qarabağ” - “Neftçi”: Hər 2 komandada oynayanların SİMVOLİK “11-LİY”i

Sabah bütün diqqətlər Azərbaycan derbisinə yönələcək. Misli Premyer Liqasının VIII turunda əzəli rəqiblər “Qarabağ”la “Neftçi” cari mövsüm ilk dəfə üz-üzə gələcəklər.

Tarixə nəzər yetirsək, hər iki komandanın formasını geyinmiş kifayət qədər futbolçu olduğunu görərik. Onların bəziləri “Neftçi”də, bəziləri “Qarabağ”dakı çıxışı ilə daha çox tanınıb. Çox az qismi hər iki komandanın heyətindəki oyunu ilə azarkeşlərin könlündə yer tapa bilib.

Apasport.az saytının kollektivi həm “Qarabağ”, həm də “Neftçi”də oynamış futbolçulardan ibarət simvolik “11-lik” hazırlayıb. Rəmzi komanda yığılarkən oyunçuların karyeraları, xüsusən də, adıçəkilən komandalardakı performansları diqqətə alınıb.

3-4-3 sxemində qurulan komandaya cəmi bir əcnəbi salınıb. Bu, istər “Qarabağ”, istərsə də “Neftçi” forması altında gözəl çıxışı ilə seçilən gürcüstanlı hücumçu George Adamiyadır. Vaxtilə Azərbaycan millisinin şərəfini qorumuş Branimir Subaşiç də əzəli rəqiblərin uğurları üçün çalışıb. Ancaq serbiyalı simvolik “11-liy”imizdən kənarda qalıb.

Ümumiyyətlə, rəmzi komandaya düşməyənlər arasında qapıçılar Fərhad Vəliyev, Rauf Mehdiyev, müdafiəçilər Aftandil Hacıyev, Arif Əsədov, Mehman Yunusov, Ədəhim Niftəliyev, yarımmüdafiəçilər Mirbağır İsayev, İsmayıl Məmmədov, Aqil Məmmədov, Vidadi Rzayev, Ramiz Məmmədov, Namiq Yusifov, hücumçular Musa Qurbanov, Vadim Vasilyev və Fərrux İsmayılov da oynadığı dönəmlərdə adlarından söz etdirməyi bacarıblar.

Hazırda karyerasını davam etdirənlərdən isə qapıçı Emil Balayev, yarımmüdafiəçi Araz Abdullayev, eyni zamanda hücumçular Rauf Əliyevlə Namik Ələskərov da yaxın keçmişdə həm “Neftçi”nin, həm də “Qarabağ”ın formasını geyinib.

Hər iki komandaya rəhbərlik etmiş 4 mütəxəssis olub. Bunlar Elxan Abdullayev, Böyükağa Ağayev, Elşad Əhmədov və Ağasəlim Mircavadovdur. Həm “Neftçi”yə, həm də “Qarabağ”a çempionluq qazandırmış Mircavadov simvolik “11-liy”in də baş məşqçisi olmağa ən layiqli şəxsdir.

Simvolik “11-lik”
Qapıçı:
Cahangir Həsənzadə;
Müdafiəçilər: Rəşad Sadıqov, Tərlan Əhmədov, Elnur Allahverdiyev;
Yarımmüdafiəçilər: Samir Abasov, Aslan Kərimov, Rəşad Sadiqov, Bəxtiyar Musayev;
Hücumçular: Müşfiq Hüseynov, George Adamiya, Nazim Əliyev;
Baş məşqçi: Ağasəlim Mircavadov.
 

writer photo
Əlirza Əlirzalı
0