Azərbaycanda badmintonun yaranmasının 60 illiyi çərçivəsində keçirilən silsilə tədbirlər davam edir.
Apasport.az xəbər verir ki, 1 saylı idman liseyinin badminton zalında bu idman növünün ölkəmizdə inkişafında müstəsna xidmətləri olan, ilk peşəkar idmançımız, beynəlxalq dərəcəli mərhum hakimimiz Lado Mehdiyevin xatirəsinə həsr olunmuş turnir keçirilib.
Azərbaycan badminton ailəsinin üzvləri arasında keçirilən turnirdə federasiya nümayəndələri ilə məşqçilər kişi və qadınların qoşa yarışında qüvvəsini sınayıb. Turnir başlamazdan öncə böyük ekranda Azərbaycan Badminton Federasiyasının 60 illiyinə həsr olunan xüsusi videoçarx nümayiş olunub. Azərbaycanda badminton ənənəsinin qorunub saxlanılmasında xüsusi rolu olan yarış iştirakçılarının oyunları dostluq və nostalji ab-hava şəraitində keçib.
Yarışa iştirakçı kimi qatılan Azərbaycan Badminton Federsiyasının prezidenti Taleh Ziyadov Lado Mehdiyevin ailə üzvlərinə üzərində onun tələbələrinin imzası olan xatirə hədiyyəsini təqdim edib.
Qeyd edək ki, Lado Mehdiyev 1962-ci ildə keçirilmiş ilk Bakı birinciliyinin qalibi olub.