Bədavi Hüseynov: "Sabah əvvəlki matçlardan daha yaxşı oyun göstərə bilərik"
06.03.2024 - 13:38
Bədavi Hüseynov: "Sabah əvvəlki matçlardan daha yaxşı oyun göstərə bilərik"

"Qarabağ”ın futbolçusu Bədavi Hüseynov “Bayer” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının 1/8 mərhələsinin ilk oyunu ərəfəsində keçirilən mətbuat konfransında Almaniya komandasına qarşı şanslarını dəyərləndirib. 

Apasport.az xəbər verir ki, təcrübəli müdafiəçi daha sonra jurnalistlərin suallarını cavablandırıb. 

"Sabah Avropanın ən yaxşı komandasına qarşı oynayacağıq. Yaxşı oyun göstərmək istəyirik. Son iki oyundan da çox gücü "Bayer"lə görüşdə sərf etməliyik. Psixoloji cəhətdən böyük təzyiq yoxdur. Çünki onlara qarşı bu mövsüm 2 dəfə oynamışıq. Baxımlı, yaxşı futbol üçün ən yaxşısını edəcəyik".

- "Braqa" ilə görüşdəki ötürmənini necə xatırlayırsan? Həmin anda nə düşündün?
- Bir anda gələn qərar idi. Gördüm ki, Nəriman irəlidə dayanıb. Yaxşı ki, baş hakim oyunu dayandırmadı. Şükürlər olsun ki, hər şey yaxşı alındı. Bu anda çox dayanmaq istəməzdim. Komanda yaxşı mübarizə apardı. Hamımızın qələbəsi idi.

- Bir neçə gün əvvəl "Qarabağ" FK 30 il filmi göstərildi. Bu film "Qarabağ"a "Bayer"lə oyunuöncəsi motivasiya verəcək? Ab-hava necə idi?
- Filmi çox bəyəndim. Motivasiya sarıdan filmin dəyəri yüksəkdir. "Qarabağ" adi klub deyil. Bu filmdən sonra dünyada nümayiş etdirməliyik ki, "Qarabağ"ın necə tarixi var. Yaxşı motivasiyadır.

- Sabah Julio Romao və Elvin Cəfərquliyevin yoxluğu nə dərəcədə hiss oluna bilər?
- Komandada hər bir oyunçunun keyfiyyəti yüksəkdir. Bizdə bir oyunçu olmayanda, digəri keyfiyyətli şəkildə əvəz edir. Yoxluqları hiss ediləcək. Onlar uzun müddətdir oynayırlar. Yaxşı anlaşma var. Amma meydana kim çıxsa, ən yaxşısını etməyə çalışacaq.

- "Bayer"ə qarşı qrupdakı matçlarda oynamısız. Rəqib ilk növbədə nəyi bağışlamır?
- Həmin oyunda öz səhvlərimizi gördük. Bu cür rəqiblər sənin zəif nöqtələrini dərhal göstərir. Onları analiz etmişik. Son matçlar bizə daha çox motivasiya verib. Biz əvvəlki matçlardan daha yaxşı oyun göstərə bilərik. Hansısa anlarda eyni səviyyədə oynamışdıq. Son oyundan sonra səviyyəmiz də qalxıb. Sabah səhvlərə yol verməməyə, inamlı oynamağa çalışacağıq ki, matçı da yaxşı nəticə ilə başa vuraq.

writer photo
Əlirza Əlirzalı
0