Bəhlul Mustafazadə: "Bakıda daha yaxşı nəticə göstərəcəyimizə inanırdıq"
29.08.2024 - 11:15
Bəhlul Mustafazadə: "Bakıda daha yaxşı nəticə göstərəcəyimizə inanırdıq"

"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə "Dinamo"(Zaqreb) ilə matçdan sonra müsahibə verib.

Apasport.az həmin müsahibəni təqdim edir:

- Kifayət qədər ağıllı və güclü komandaya qarşı oynayırdıq. Onların keyfiyyəti və səviyyəsi hər hərəkətlərində hiss olunurdu. Əlimizdən gələni etdik ki, qalib gələk, mərhələni keçən tərəf olaq. Təəssüflər olsun ki, bu bizdə alınmadı. Edə biləcək bir şey yoxdur. Avroliqa oyunlarına hazırlaşacağıq. Çalışacağıq ki, orada ötən mövsümkündən də daha yaxşı nəticə qazanaq.


- Ümumi hesab 5:0 "Dinamo"nun xeyrinə oldu. Demək olar ki, rəqib sizdən birbaş üstündür?
- Əslində, belə deməzdim. Çünki Zaqrebdəki görüşə də baxsaq, imkanlarımız var idi. Onları dəyərləndirsəydik, bəlkə də başqa ssenari davam edə bilərdi. Buradakı oyunda da bizə qələbə lazım olduğu üçün daha da irəli atılmışdıq. Bu da arxa xətdə boşluqlar verməyimizə səbəb oldu. Birinci oyunda şanslardan istifadə etsəydik, daha fərqli nəticə olardı.

- O bir qolu vurmaq üçün nə çatmadı, təcrübə?
- Xeyr, təcrübə olduğunu düşünmürəm. Bəzən olur ki, dəqiq qol imkanlarını dəyərləndirə bilmirsən. Təcrübə deməzdim. Şans deyərdim. Son vuruşların üzərində də çalışmalıyıq. Nəticə çıxaracağıq ki, Avroliqada daha yaxşı nəticə verək.

- Xorvatiyadakı oyundan sonra və Bakıdakı oyundan öncəki mətbuat konfransında Qurban Qurbanov çox optimist çıxış etmişdi, mərhələ keçəcəyimizə inam yaratmışdı. Onu sizə necə aşılamışdı və nələr etmək lazım idi ki, mərhələ keçək?
- İlk növbədə əlimizə düşən şansları dəyərləndirməliydik. Buradakı matçda da şanslar yaratdıq. Təəssüflər olsun ki, reallaşdıra bilmədik. Xorvatiyadakı matçda da, baş məşqçi və futbolçular da öz aramızda oyun bitən kimi deyirdik ki, heç nə bitməyib. İnanırdıq ki, Bakıdakı oyunda daha yaxşı nəticə göstərə bilərik. Amma təəssüflər olsun ki, alınmadı. Avropa Liqasına hazırlaşacağıq.

- Avropa Liqası yeni formatda keçiriləcək...
- Bəli, bu barədə maraqlanmışam. İlk dəfə bu formatda keçiriləcək. Çox oyun oynamağımız bizim üçün də xeyirdir. Maraqlı olacaq. Hazırlaşacağıq.

writer photo
Əlirza Əlirzalı
0