Belajdi Pusi: "Növbəti matçlarımızı da qələbə ilə başa vursaq..." - Müsahibə
15.04.2024 - 21:40
Belajdi Pusi: "Növbəti matçlarımızı da qələbə ilə başa vursaq..." - Müsahibə

“Turan Tovuz”un hücumçusu, Premyer Liqanın 30-cu turunun “Qəbələ” ilə görüşündə meydana sonradan daxil olaraq, vurduğu qolla komandasına 3 xalı qazandıran albaniyalı hücumçu Belajdi Pusi apasport.az saytına müsahibə verib.

- “Qəbələ” ilə görüşün qəhrəmanı olduğunu demək olar? Ən azından, özünü bu cür hiss edirsən?
- Mən hər zaman komandama kömək etməyə çalışıram. Məşqlərdə də 100 faiz hazırlaşıram ki, meydana çıxacağım vaxtda maksimumu verə bilim. Şükürlər olsun ki, dünən mən və komandam üçün yaxşı gün idi. Sonradan meydana çıxdım və qol vuraraq “Turan Tovuz”un 3 xal qazanmasına kömək oldum. Bu məni çox sevindirir.

- Baş məşqçi səni meydana buraxanda nə demişdi, qol vuracağına söz verdin?
- Baş məşqçimiz bizi hər zaman motivasiya edir. Bu rəqibin kimliyindən asılı olmayaraq, belədir. Psixoloji cəhətdən bizə çox kömək edir. Ona görə də, heç bir oyunda biz sona qədər mübarizəmizi dayandırmırıq. “Qəbələ” ilə görüşdən qabaq da motivasiya etmişdi, inandırmışdı, biz də sona qədər motivasiya olduq.

- Vurduğun qolu necə şərh edərdin?
- Normal vəziyyətdə alındı. Düzü, həmin anda necə zərbə vuracağımı, necə məhsuldar ötürmə verəcəyimi düşündüm ki, əsas olan üç xalı qazanaq. Biz də bunu etdik. Həmin anda zərbə vurmağı düşündüm və qolla nəticələndi.

- Yəqin ki, son dəqiqə qolu ilə komandaya üç xal qazandırdığın üçün klub rəhbərliyi sənə xüsusi mükafat verəcək?
- Mən artıq həmin oyunu unutdum. Çünki qarşıda bizi digər görüşlər gözləyir. Mövsümün sonuna qədər bütün matçlar bizim üçün final ab-havasında keçəcək. Çünki elə demək olar ki, final oyunlarıdır. İndi ancaq həmin oyunlar haqda düşünürük.

- “Qəbələ” son pillədə qərarlaşsa da, onları çətinliklə məğlub etdiniz. Niyə belə çətin alındı?
- Futbol belədir də. Bəzi komandalara qarşı əziyyət çəkməlisən. Amma “Qəbələ” pis komanda deyil, güclüdür. Turnir cədvəlinin son pilləsində qərarlaşmasına baxmayaraq, həqiqətən, yaxşı komandadır. Biz özümüz də, səhvlərimizdən nəticə çıxarmalı və növbəti görüşə hazırlaşmalıyıq.

- “Turan Tovuz” bu qələbə sayəsində 42 xalla 5-ci pilləyə yüksəlib. Avrokuboklara vəsiqə qazanacağınıza inanırsan?
- Hər şey mümkündür. Əgər biz növbəti matçlarımızı da qələbə ilə başa vursaq, turnir cədvəlində yuxarı pillələrdə ola bilərik. Son turlar çox vacibdir. Mövsümün taleyini məhz həmin görüşlər həll edir. Ona görə də, maksimum dərəcədə uğurlu nəticələr istəyirik.

- Növbəti turda isə birbaşa rəqibiniz olan “Sumqayıt”la qarşılşacaqsınız. Qələbə qazanacağınız təqdirdə, dördüncü pilləyə qədər yüksələ bilərsiz...
- “Turan Tovuz”un futbolçuları yaxşı keyfiyyətə, səviyyəyə malikdir. Bizim məşqçilər korpusumuz da çox yaxşıdır. Ən yaxşı sponsora malikik, “Turan Tovuz” azarkeşləri isə ən yaxşısıdır... Təkcə “Sumqayıt”la oyunda deyil, hər matçda qalib gəlmək üçün heç bir əskikliyimiz yoxdur.

writer photo
Əlirza Əlirzalı
0