Rumıniyanın Arad şəhərində gənc və yeniyetmə boksçular arasında beynəlxalq turnir davam edir.
Federasiyadan apasport.az saytına verilən məlumata görə, yarışın 2-ci günündə rinqə çıxan Azərbaycan millisinin 17 idmançısından 15-i qələbə qazanıb.
Onlardan 9-u 1/4 finala vəsiqə qazandığı halda, 6-sı yarımfinala yüksəlib. 1/2 finalda mübarizə aparacaq boksçularımız bununla özləri üçün ən azı bürünc medalı da təmin ediblər.
Yeniyetmələrdən ibarət millinin üzvü Bilalhəbəşi Nəzərov (46 kq) Katalin Banitsaya (Rumıniya) ikinci raundda tam üstünlüklə qalib gəlib. O, 1/4 finalda Mihay Tudorla (Rumıniya) qarşılaşacaq.
Bağır Əmirxanlı (50 kq) Maksim Çernelyadan (Moldova) güclü olub. 5:0 (30:27, 30:26, 30:26, 30:27, 30:27) hesabı ilə qələbə qazanan idmançı 1/4 finalda Yulian Jqebanı (Rumıniya) sınağa çəkəcək.
Əmirxanlı ilə eyni çəkidə yarışan Faiq Mollayev də inamlı çıxışı ilə diqqət çəkib. Azərbaycan çempionu 1/8 finalda Martin Bohunçakı (Slovakiya) 5:0 (30:26, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə məğlub edib.
Eldar Abdullazadə (52 kq) də startda uğurlu nəticə əldə edib. Ruslan Aulovu (Estoniya) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edən həmyerlimiz 1/4 finalda Marian Petraçe (Rumıniya) ilə qüvvəsini sınayacaq.
1/8 final çərçivəsində İbrahim Mirhəsən (60 kq) yunanıstanlı Vrettos Anastasiosla üz-üzə gəlib. İlk raundda tam üstünlüklə qələbə qazanan həmyerlimiz növbəti görüşündə Florin Marinlə (Rumıniya) münasibətinə aydınlıq gətirəcək.
54 kq çəkidə Elbrus Kərimli Yulian Buletiça (Rumıniya) ilə döyüşüb. 1/4 final mərhələsi çərçivəsində keçirilən görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb – 3:2 (29:27, 27:30, 29:28, 28:29, 29:28). Kərimli finala gedən yolda Angelos Karaitislə (Yunanıstan) qarşılaşacaq.
63 kq çəki dərəcəsində mübarizə aparan Kənan Aslanlı və Tərlan Əhmədov da adını yarımfinala yazdırıb. Onlar müvafiq olaraq Ali Balku (Rumıniya, birinci raundda tam üstünlüklə qələbə), Ronald Banqonu (Macarıstan, 5:0 (30:27, 30:25, 30:25, 30:27, 30:26)) yarışdan kənarlaşdırıblar. Aslanlı 1/2 finalda Narkis Maqdalinlə (Rumıniya), Əhmədov Nikola Neaksa (Rumıniya) ilə üz-üzə gələcək.
Gənclərdən ibarət yığmamızın 7 üzvü qələbəyə sevinib. 1/8 Sübhan Məmmədov (51 kq) Davit Safaryanla (Ermənistan) qarşılaşıb. Rəqib boksçumuz qarşısında sonadək tab gətirə bilməyib. Həmyerlimiz erməni idmançıya üçüncü raundda tam üstünlüklə qalib gəlib. O, 1/4 finalda ilk döyüşdən azad olan Mihay İrofte (Rumıniya) ilə gücünü yoxlayacaq.
Məhəmmədəli Aşurəliyev (57 kq) də startda qalib gəlib. Macarıstanlı Frank Danieli 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edən təmsilçimiz 1/4 finalda Camel Cemmalı (Fransa) sınağa çəkəcək.
Onun eyni çəkidə döyüşən Məhəmmədəli Qasımzadə Qaetano Bonocoreya (İtaliya) eyni hesabla qalib gəlib - 5:0 (30:27, 30:26, 30:26, 30:26, 30:26). Təmsilçimiz mübarizəni 1/4 finalda davam etdirəcək.
63,5 kq çəkidə qüvvəsini sınayan Aslan Quliyev Riçard Horvata (Macarıstan) gücünü göstərib. O, görüşü 4:0 (29:27, 30:26, 30:24, 30:26, 28:28) hesabı ilə aktivinə yazıb. Quliyev 1/4 Yuraj Bona (Slovakiya) ilə qarşılaşacaq.
Komanda yoldaşlarından fərqli, Ramal Yolçuyevlə (48 kq) Rauf Məmmədov (48 kq) yarımfinalda iştirak hüququ qazanıb. Onlar müvafiq olaraq Alberto Borlan (Rumıniya, 4:1 (30:27, 30:27, 28:29, 30:27, 30:27)) və Kirço Gerasimovdan (Bolqarıstan) – 4:0 (30:26, 30:26, 29:27, 29:27, 28:28) üstün olublar. Yolçuyev finala gedən yolda ukraynalı Maksim Zimenko ilə mübarizə aparacaq.
Səbuhi Əlizadə (92 kq) isə 1/4 finalda Kirilo Lavrinenkoya (Ukrayna) gücünü göstərib. Təmsilçimiz üçüncü raundda tam üstünlüklə qalib gəlib. O, yarımfinalda ilk mərhələdən azad olan Florin İonita (Rumıniya) ilə qarşılaşacaq.
Qeyd edək ki, yarışa fevralın 27-də yekun vurulacaq.