“Sürətli futbolçuya ehtiyacımız var idi”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.
İtaliyalı mütəxəssis Millətlər Liqasının III turunun Slovakiya ilə ev oyunundan sonra keçirilən mətbuat konfransında matç barədə fikirlərini açıqlayıb: “Həm əks-hücumlarda, həm müdafiədə kömək edə bilərdi. Emin çox yorulmuşdu. Düşünmürəm ki, qol əvəzetməyə görə vuruldu”.
- Artıq ikinci ildir, millini çalışdırırsız. Hələ də doğma azarkeşlər qarşısında qələbə qazanmamısız. Milli nə vaxt qalib gələcək?
- 25 oyun keçirmişik, 7-si evdə olub və əksəriyyəti güclü komandalara qarşı. Hamısında məğlub olmuşuq. Amma bizdən çox güclü komandalarla oynamışıq. Hamısında sona qədər vuruşmuş, əlimizdən gələnin maksimumunu etmişik. İndi qol vurmağa, nəticə qazanmağa başlamalıyıq. İlk iki oyunda çoxlu imkanlarımız oldu. Bunlardan daha yaxşı istifadə etməliyik.
- Necə düşünürsüz, millinin uğursuzluğunun səbəbkarı sizsiz, yoxsa futbolçular?
- Hamımız yaxşı analiz etməliyik. Rəqibin güclü olduğunu bilirdik. İlk 20 dəqiqədə yaxşı çıxış etmədik. Bundan sonra heç də pis oynamadıq. İlk hissənin axırlarında qol da vura bilərdik, imkanlarımız oldu. Fasilədən sonra rəqib ustalığını göstərdi. Amma bütün oyun boyu mübarizə apardıq. Əminəm ki, bundan daha artığını edə bilərdik. Sizin kimi mən də qələbə istəyirəm. Amma görünür ki, asan deyil. Günahkar axtarmaq düzgün deyil. Çox gözəl sualdır. Mən də istərdim kimlərinsə səhvlərindən danışım. Dünən 100-cü məşqimizi etdik. 4 məşqdən bir oyuna çıxırıq. Futbolçular ən yaxşı fiziki formada deyillər. Öncə oyunçuları tanımalısan. Düşünürəm ki, bir qrup yaratmışıq. Azarkeş həmişə uduzanda problem axtarır, tapır. Amma ekspert kimi baxsaq, fərqli fikirlər ola bilər.
- Mahir Emrelinin 3 oyunda performansını ortaya qoya bilməməsi komandanın zəif çıxışı ilə əlaqədardır?
- Klubunda fiziki problemləri var idi. Bura gələndə də 100 faiz hazır deyildi. İkinci yarıda meydana buraxdıq. Qol keyfiyyətlərindən yararlanmaq istəyirdik. Alınmadı. Amma bütün ürəyini meydanda qoydu.
- Qələbəsiz oyunlar bir yana, komanda qol da vura bilmir. Çox arqumentlər qeyd etdiz. Bəlkə, sizin yeriniz bura deyil? Bəlkə, Azərbaycan yığmasına futbol oynamağı öyrədə bilmirsiz?
- Deməzdim. Bu, tam olaraq mənim komandamdır. Oyundan sonra da uşaqlara dedim ki, ilk 20 dəqiqəni çıxsaq, qorxaraq oynamadıq. Əvvəlki oyunlarda da dominant idik. İki oyuna 30 zərbə vurmuşduq. Rəqəmlər bizi aldada bilməz. Bu, faktdır.
- Qətərlə oyundan sonra hamı ilə sağollaşmışdız. Sonradan nəyə ümid etdiz ki, davam etmək qərarı verdiz?
- Bunu başqalarından soruşmalısız.
- Özünüz qalmağı qəbul etməyə də bilərdiz...
- Qərar verdik ki, davam etməliyik. Məncə, komandada nəsə dəyişilib. 2003-cü il təvəllüdlü uşaq əsas komandada oynayır. Başqa 10-15 uşaq da olsa, meydana buraxaram. Sevdiyim, xüsusi simpatiya bəslədiyim futbolçu yoxdur.
- Komanda 10 gün ərzində 4-cü oyuna çıxacaq. Fiziki, psixoloji durumu düzəltmək mümkün olacaq?
- Sabah necə bərpa olunacaqlarına baxacağıq. Maksim ardıcıl ikinci oyunda əvəz olunmasını istədi. Mövsümün sonudur, yorğunluqlar ola bilər. Təəssüf ki, Qismət Alıyev bizimlə olmayacaq. İstirahət fikirlərini başa düşürəm, amma qələbə üçün çalışmalıyıq. Belarusla oyunda məğlubiyyət seriyasını qırdıq, qalib gələ də bilərdik. Mən çox əsəbiyəm. Uduzmaqdan zəhləm gedir. Bütün uşaqlar məyusdurlar. Çünki maksimumunu verdilər. Beynəlxalq səviyyə ilə Azərbaycan çempionatı eyni deyil.
- Bir neçə gün əvvəl qrup liderliyi və 2-cilik barədə danışırdıq. Bundan sonra D Liqasındakı perspektivlər barədə düşünməli olmayacağıq?
- 3 oyun keçirmişik, qarşıda 3 matçımız var. Onları düşünürük. Heç kim deməmişdi ki, 1-ci yer uğrunda vuruşacağıq. Belarusla oyunumuz var. Qalib gəlməyə çalışacağıq. Qazaxıstanı da Bakıda məğlub etməyə çalışacağıq. 2-ci yer uğrunda mübarizəmiz davam edir.
Qeyd edək ki, “Dalğa Arena”da keçirilən qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.