DÇ-2022: Mümkün erkən finallar
06.11.2022 - 14:23
DÇ-2022: Mümkün erkən finallar

Noyabrın 20-də Qətərdə start götürəcək dünya çempionatının qrup mərhələsində 48 oyun keçiriləcək.

Apasport.az saytının məlumatına görə, 8 qrupun birinciləri ilə ikinciləri 1/8 finalda rəqib olacaq.

Maraqlıdır ki, hansısa nəhəng qrupda tam performansını ortaya qoymasa və ikinci yerlə mərhələ adlasa, 1/8 finalda erkən finalın iştirakçısı ola bilər.

Niderland – İngiltərə
Həm Niderlandın, həm də İngiltərənin mundial keçmişi o qədər də parlaq deyil. İki yığma ümumilikdə 4 dəfə final üzü görüb ki, bunun yalnız 1-də çempionluq mümkün olub. Niderland A, İngiltərə isə B qrupunun aşkar favoritidir. Ancaq ikisindən biri sürpriz edərək, qrupda 2-ci yeri tutsa, 1/8 finalda belə bir cütlük yarana bilər.

Argentina – Fransa
Argentina ilə Fransa da qruplarının favoritidir. Ancaq Lionel Messinin dünya çempionatı performansı  istədiyi kimi deyil. Argentina yenə sürpriz şəkildə qrup ikincisi ola bilər. Belə bir vəziyyət 1/8 finalda komandaları üz-üzə qoya bilər. DÇ-2018-in məhz qrupdan sonrakı mərhələsində bu yığmalar qarşılaşıb, Fransa 4:3 hesablı qələbə qazanıb.

Belçika – İspaniya
Bu millilər elə də tez-tez bir-birlərinə rəqib olmurlar. Sonuncu dəfə 2016-cı ildə yoldaşlıq görüşündə qarşılaşıblar. Çox güman ki, E qrupunda Almaniya və ya İspaniyanın ikinci yeri tutacaq. İspanlar buna daha yaxın sayılır. Belədə növbəti raund daha bir erkən finala yol açar.

Braziliya – Portuqaliya
Qətərdəki mundialın əsas favoriti Braziliyadır. Serbiya, İsveçrə və Qananı üstələmək onlar üçün asan olar. Portuqaliyanın isə işi o qədər rahat olmayacaq. Çünki Uruqvay və Qana da qrupdan çıxmağa iddialıdır. Kriştiano Ronaldonun əvvəlki formasından uzaq düşməsi portuqalların gücünü xeyli zəiflədib. Bu, onları qrupda ikinciliyə ata bilər. Belə olarsa, 1/8 finalda Portuqaliyanı Braziliya gözləyəcək.

writer photo
Əlirza Əlirzalı
0