“Azərbaycanda hərbçilərin dünya çempionatına hazırlıq yüksək səviyyədə həyata keçirilir”.
Apasport.az xəbər verir ki, bu sözləri Dünya Hərbi İdman Şurasının (CİSM) direktoru Jan Van Den Dool hərbçilər arasında Bakıda keçiriləcək güləş üzrə 36-cı dünya çempionatı ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.
O, baş tutacaq çempionata ev sahibliyi üçün müraciətlər sırasında Bakını görərkən çox sevindiyini bildirib: “Pandemiyadan sonra bu layihəyə yenidən başlandığı üçün hazırlıqlar gec oldu. Ölkələr bu yarışlara yenidən qoşulduğu üçün iştirakçıların sayı artmaqdadır. Biz bilirik ki, nə zaman çempionatı harada keçirmək lazımdır. Bu həm də idmançılar üçün yaxşıdır ki, onlar hansı ölkədə yarışacaqlarını bilirlər. Bəzən yarışlara ev sahibliyi üçün bir neçə namizəd olurdusa, bəzən heç biri də olmurdu. Biz namizədlər arasından seçim edirik. Bakı müraciət edərkən sevindik, çünki bu sahədə təcrübəlidir. Biz əminik ki, Azərbaycanda çempionat çox yüksək səviyyədə keçiriləcək”.
O, həmçinin çempionatla bağlı hazırlıq prosesinin yüksək səviyyədə həyata keçirildiyini də bildirib: "Azərbaycanda çempionata hazırlıq çox yaxşı davam edir. Biz Bakıda gördüklərimizə heyran olduq. Azərbaycan idman tədbirlərinə çox ciddi yanaşır. Bakıda müxtəlif tədbirlər keçirilib. Bilirik ki, bizi möhtəşəm tədbir gözləyir. Azərbaycanın bu yarışa həvəslə hazırlaşdığına görə sevinirik”.
Qeyd edək ki, hərbçilər arasında dünya çempionatı Dövlət Sərhəd Xidmətinin, həmçinin Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 27 noyabr - 3 dekabr tarixlərində “Sərhədçi” İdman Mərkəzində keçiriləcək.