“Qarabağ”ın sabiq futbolçusu Danilo Dias apasport.az saytına müsahibə verib. Uzun illər Portuqaliyada legioner həyatı yaşamış, “Maritimo”, “Uniao Madeyra”, “Kova Piedade” klublarında oynamış Dias “Qarabağ”ın da formasını geyinib. O, “Braqa” – “Qarabağ” matçı haqda danışıb.
- “Qarabağ” “Braqa” ilə oyuna çıxacaq. Sabiq komandanın bu oyundakı şanslarını necə dəyərləndirirsən?
- Şanslar təbii ki, var. Çünki “Qarabağ” uzun illərdir ki, avrokuboklarda oynayır. Bu komanda “Atletiko” kimi komandadan belə iki oyunda xal alıb. “Qarabağ” “Braqa” ilə görüşdə də uğurlu nəticə üçün mübarizə apara bilər. Mərhələni də keçmək olar. Məncə, şanslar 50/50-dir. Hər halda “Braqa”nın da gücünü demək lazımdır. Portuqaliyanın 4 ən güclü komandasından biridir. Neçə illərdir ki, avrokuboklarda yaxşı futbol oynayır.
- “Qarabağ”ın Bakıya sərfəli nəticə ilə qayıtması real görünür?
- Portuqaliya klubları sürətli oyuna, topla oyuna üstünlük verirlər. “Qarabağ”ın Bakıya sərfəli nəticə ilə qayıtması da realdır. Sadəcə, “Braqa” ilə ilk görüşdə yaxşı nəticə qazanmaq lazımdır ki, cavab görüşündə də rəqabət qalsın. “Qarabağ”da oynadığım üçün bilirəm ki, bu kollektivdə rəqibdən çəkinmək yoxdur. Onlar “Braqa”ya qarşı çox yaxşı oyun oynayacaqlar.
- “Qarabağ”ın heyətində Portuqaliya klublarına qarşı necə oynamaq lazım olduğunu bilənlər var. Hər halda, əvvəllər Portuqaliya çempionatında çıxış edənlər az deyil. Bunun “Qarabağ”a hardasa üstünlüyü ola bilər?
- Bunun təsiri ola bilər. Doğrudur, əvvəllər Portuqaliyada oynamış oyunçuları az deyil. Onlar hər halda, “Braqa”ya qarşı oynayıb və bu komandanın necə oynadığını da yaxşı bilirlər. Amma istənilən halda, sonda nəticəni təyin edən məsələ “Qarabağ”ın kollektiv olaraq necə oynaması olacaq. “Qarabağ”ın yaxşı şansları olduğunu düşünürəm. “Braqa” nə qədər güclü olsa da, mənim fikrim belədir.
- “Braqa”ya qarşı vaxtı ilə bir neçə dəfə oynamısan. Səncə, indi daha güclüdürlər?
- Bəli, onlara qarşı az oynamamışam. Sadəcə məsələ belədir ki, “Braqa” indi də güclüdür, onda da güclü idi. Bu komanda da “Qarabağ” kimi uzun illərdir avrokuboklarda çıxış edir. Heyətlərində milli üzvləri var. Mən yenə də, “Qarabağ”ın necə oynadığını bilirəm. Ona görə də düşünürəm ki, hər iki tərəf şanslıdır. Özü də, “Qarabağ”ın Qurban Qurbanov kimi intellekt səviyyəsi yüksək, savadlı, xarakterli və ambisiyalı baş məşqçisi var. O, komandasını hər zaman oyunlara çox yaxşı hazırlayır.
- Kevin Medinanın yoxluğu müdafiə xəttinə təsir edir?
- Təbii ki, Kevin komandanın əsas üzvlərindəndir. Sadəcə, “Qarabağ”da sistem oyunu var deyə, kiminsə olmaması çox da təsir etmir. Doğrudur, hər bir futbolçu komanda üçün önəmlidir. Medina çox sürətlidir, aqressivdir, mübarizələrdə uduzmağı xoşlamayan müdafiəçidir. “Qarabağ” üçün ciddi itkidir. Ümid edirəm ki, o da tez bir zamanda düşərgəyə qayıdar. “Qarabağ”a “Braqa” ilə görüşlərdə uğurlar arzu edirəm.