De Byazi ilə 20-ci sınaq
25.09.2022 - 12:31
De Byazi ilə 20-ci sınaq

Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, yığmamız Qazaxıstanla görüşdə qüvvəsini sınayacaq.

Bakıdakı matç komandamızın tarixində 284-cü sınaq olacaq. İlk oyununu 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 283 matça çıxıb.

Bu müddətdə 53 qələbə və 76 heç-heçəyə nail olan yığma 154 dəfə uduzub. Əvvəlki 283 qarşılaşmada 209 qol vuran futbolçularımız 468 top buraxıb.

“Dalğa Arena”dakı sınaq baş məşqçi Canni de Byazinin rəhbərliyi altında 28-ci sınaq olacaq. İtaliyalı mütəxəssis indiyədək yığmanı 27 matça çıxarıb. Bu görüşlərdə 4 qələbə və 7 heç-heçəsi olan millimiz 16 dəfə uduzub. 17 qol vuran komanda 36 top buraxıb.

Bu, italiyalı ilə rəsmi xarakterli 20-ci sınaq olacaq. Hesabında 3 qələbə, 5 heç-heçə və 11 məğlubiyyəti olan yığmamız 11 qol vurub, 26-nı buraxıb.

Qazaxıstanla duel rəsmi turnirlərdə 152-ci matç olacaq. Dünya və Avropa çempionatlarının seçmə mərhələləri və Millətlər Liqasında 151 oyuna çıxan komanda indiyədək 18 qələbə qazanıb, 32 heç-heçə edib, 101 dəfə isə uduzub. Rəqib qapılarına 88 qol vuran futbolçularımız 301 top buraxıb. 

Bu, Millətlər Liqasında 18-ci görüşdür. Əvvəlki 17 oyunda 5 qələbə, 7 heç-heçə və 5 məğlubiyyət qeydə alınıb. Top fərqi 13-14-dür.

Qeyd edək ki, Millətlər Liqasının VI turunun Azərbaycan - Qazaxıstan oyunu saat 20:00-da başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0