Deni Qaysumov: "Yeni baş məşqçi əcnəbi olacaqsa Murad Musayev olsun" - Açıqlama
25.11.2023 - 11:24
Deni Qaysumov: "Yeni baş məşqçi əcnəbi olacaqsa Murad Musayev olsun" - Açıqlama

Uzun illər Azərbaycan milli komandasının şərəfini qorumuş Deni Qaysumov apasport.az saytına açıqlamasında yığma komandamıza baş məşqçi namizədləri haqda danışıb. Onun fikrincə, milli komanda üç məşqçidən birinə tapşırıla bilər.

Vaxtı ilə “Terek”də kapitan kimi Rusiya kubokunu qazanmış 55 yaşlı mütəxəssis “Sabah”ın baş məşqçisi Murad Musayevin millimizə xeyir verə biləcəyini deyib:
“Azərbaycan millisini daim diqqətdə saxlayıram, oyunları izləyirəm. Təbii ki, İsveç üzərində qazanılan 3:0 hesablı qələbə məni çox sevindirdi. Belçikaya 0:5 hesablı məğlubiyyət isə məni bir o qədər üzdü. Azərbaycanda hər zaman çox yaxşı, istedadlı futbolçular olub. İndi də var. Millinin üzvlərini ayrı-ayrılıqda götürəndə, necə yaxşı futbolçuların oynadığını görmək mümkündür. Bu komanda ilə nəticə vermək də olar. İndi elə oldu ki, Canni De Byazi ilə alınmadı və yığmadan getdi.

Bundan sonra milliyə elə məşqçi dəvət edilməlidir ki, hazırkı futbolçularla yaxşı kommunikasiya qursun, öncə sistem qurub, sonra nəticə verməyə köklənsin. Əlbəttə, Azərbaycanda bu işi öz üzərinə götürə biləcək məşqçilər az deyil. Yerli mütəxəssislərdən Qurban Qurbanov, Rəşad Sadıqov Azərbaycan millisində çox yaxşı işlər görə bilər

Əcnəbi olacaqsa, Murad Musayevin baş məşqçi postuna gətirilməsinin tərəfdarıyam. Çünki “Sabah”da neçə ildir ki, işləyir, Azərbaycan futboluna artıq yaxşı bələddir, azərbaycanlı futbolçuların potensialını da yaxşı bilir. O, işini çox sevir və daim inkişaf edir. Məncə, millidə də çox yaxşı alınardı. Özü də, mentalitetə bələddir. Maqomed Adiyevin Qazaxıstan millisindəki kimi uğurlu nəticələr verməsi realdır. Sadəcə inanmaq, güvənmək, dəstək olmaq lazımdır. Hər halda, AFFA sonda qərarını verəcək və ümid edirəm ki, milli və Azərbaycan futbolu üçün uğurlu addım atarlar”.

Qeyd edək ki, 1995-1998-ci illərdə Azərbaycan millisində oynamış Qaysumov “Terek”(indiki “Axmat”), “Spartak”(Moskva), ÇSKA, “Dubay” klublarında da oynayıb. Həmçinin “Terek”də məşqçi kimi çalışıb.

writer photo
Əlirza Əlirzalı
0