Dmitri Nağıyev: “Mənə tərəf baxmamaqları aydın deyil” - MÜSAHİBƏ
19.12.2022 - 15:01
Dmitri Nağıyev: “Mənə tərəf baxmamaqları aydın deyil” - MÜSAHİBƏ

Azərbaycanın U-21 yığmasının sabiq üzvü, hazırda Ukrayna Premyer Liqasında “İnqulets” klubunda legioner kimi çıxış edən Dmitri Nağıyev apasport.az saytına müsahibəsi

- Birinci dövrə başa çatdı. "İnqulets" son iki oyundan qələbə qazandı. İlk dövrəni necə dəyərləndirirsən?
- Bəli, çox vacib qələbələr qazandıq. Hər bir oyuna uğurlu nəticələr üçün çıxırıq. Son iki matçda hər şey lap istədiyimiz kimi alınırdı. Çox təəssüf ki, yaxşı durumda olduğumuz vaxtda, qələbələr qazandığımız anda tətilə yollanırıq.

- Dövrənin hazırki dönəmdə başa çatmasını istəmirdin?
- Daha bir neçə oyunun olması daha yaxşı olardı. Hər halda, yaxşı durumdayıq və xallar qazanmağa davam edərək, mövqeyimizi yaxşılaşdırardıq. Təlim-məşq toplanışı yaxşı keçirərək ikinci hissəni uğurlu keçirmək fikrindəyik.

- Kişilərin Ukraynanı tərk etməsinə icazə verilmədiyini nəzərə alsaq, fasiləni harada keçirməyi planlaşdırırsan?
- Bəli, Ukraynadan çıxmağa icazə verilmir. Ona görə də, ailəmlə birlikdə elə evdə olacam. Ən yaxşısı da budur. Dostlarımı ziyarət etməyə gedəcəm. Bütün tətilimi Ukraynada keçirəcəm. Çətin duruma baxmayaraq, pozitiv olmağa çalışırıq.

- Ölkə çempionatında keçirilən 15 oyundan 13-də meydanda olmusan. Birinci dövrədəki performansını necə dəyərləndirirsən? Səni komandanın aparıcı üzvü hesab etmək olar?
- Düşünürəm ki, hər zaman daha yaxşısını etməyə, daha yaxşı olmağa imkan var. Hər halda, lap yaxşı oynamaq lazımdır. İlk dövrədə komandanın əsas heyət üzvünə çevrilməyi bacardım. Amma bunun davam etməsi üçün öz üzərimdə çox çalışmalıyam. 

- Ukraynada davam edən vəziyyətdə oyunlara necə hazırlaşırsınız? Səfər matçlarına getdiyiniz zaman hər hansı təhlükə ilə qarşılaşırsınız?
- Təbii ki, budəfəki çempionat psixoloji tərəfdən çətinlik yaradır. Bəzən həyəcan siqnalı verilir və oyunu dayandırmağa məcbur oluruq. Təhlükə həmişə var, indi də davam edir. Amma biz hər bir halda, çətin vəziyyətdə olsaq belə, Ukraynada futbolun inkişafı üçün hər şeyi etməliyik. Asan durumda deyilik, amma biz qarşılaşmalara çıxırıq, futbolumuzu oynayırıq. 

- Həm özün, həm də komandan üçün ilk dövrədə hansı matçı xüsusi adlandıra bilərsən?
- İlk dövrədə yetərincə yaxşı və uğurlu oyunlarımız oldu. Yaxşı oynadığımız matçlar az olmasa da, amma hər dəfə üç xalı qazanmaq mümkün deyil. Düşünürəm ki, son iki turdakı oyunumuz ən yaxşısı idi. “Dnepr”lə qarşılaşmada da çox yaxşı oynadıq. Hər halda, mövsüm ərzində onlardan xal alan ilk komanda biz olduq. 

- Komanda 16 komanda arasında 14-cü pillədədir. Birinci liqaya yuvarlanmaq təhlükəsini hiss edirsən?
- Yaxşı hazırlaşmalıyıq. Premyer Liqada qalmaq üçün hər şeyi edəcəyik. Məncə, “İnqulets” mövsümü 9-10-cu pillədə başa vura bilər. Buna gücümüz çatacaq. Ukraynadakı durum çətin olsa da, liqa çox yaxşıdır.  

- Ukrayna Premyer Liqasında oynasan da, Azərbaycan millisi ilə adın heç hallanmır, dəvət edilmirsən. Səncə, nəyə görə belədir?
- Mənimlə heç ünsiyyət qurmamaqları özüm üçün də qəribədir. Amma bu, onların işidir. Azərbaycan milli komandasında dostlarım var və onlar çox yaxşı oyunlar, nəticələr göstərir. Sadəcə mənə tərəf baxmamaqları aydın deyil. Bu barədə baş məşqçi Canni de Byazidən soruşmaq lazımdır.
 

writer photo
Əlirza Əlirzalı
0