Dünya çempionu şahmatçımız: "Kimsə 1 milyon pul versə..." - Müsahibə
27.11.2023 - 15:56
Dünya çempionu şahmatçımız: "Kimsə 1 milyon pul versə..." - Müsahibə

Ayan Allahverdiyeva 2014 və 2015-ci illərdə 10 yaşlı qızlar arasında, 2016 və 2017-ci illərdə 12 yaşlı qızlar arasında, 2018-ci ildə isə eyni uğuru 14 yaşlı qızlar arasında təkrar edərək Azərbaycan çempionu olub. Ümumilikdə gənc Ayan müxtəlif yaş qrupları üzrə 3 qat dünya, 6 qat Azərbaycan çempionu olub.

Ən son İtaliyada 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qalib olan Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva apasport.az saytına müsahibə verib:

- Əvvəlcə, çempionluğunuz münasibətilə təbrik edirəm. Çempionluq necə hissdir, bu barədə nə deyə bilərsən?
-Təşəkkür edirəm. İnanıram ki, həyatımın yeni mərhələsi başlayacaq. Bundan sonra böyük uğurlara addım atacam. Elə hisslərdir ki, necə ifadə edə biləcəyimi bilmirəm, çox sevinirəm. Əvvəlki illərdə də oynadıqda çempionluğa çox yaxın idim. Keçən il dünya çempionatında ikinci yerə, 2019-cu ildə  5-ci yerə çıxmışdım. Hətta, 8 yaşım olanda 6-ci yerə çıxmışdım. Axır ki, 18 yaşımda yeniyetmələr arasında olan yarışda dünya çempionluğunu qazana bildim. 

-Yarış necə keçdi və necə təşkil olunmuşdu? 
-Yarış gərgin keçdi. 94 ölkədən 1000-ə yaxın şahmatçı iştirak edirdi. Təşkilat da normal idi. Oynamaq üçün bütün şərait yaradılmışdı, təki oynayasan.  

- Yarışdan sonra gələcək planda nələr var?
-Gələcək planlarda da həmişəki kimi inkişaf var. İnşallah rapid və blitz üzrə dünya çempionatı olacaq, orda uğurla çıxış etmək üçün hazırlaşıram. Əlbəttə ki, işləmək lazımdır ki, nəticə olsun.

- Bu yaşda dünya çempionu olan bir gənc şahmatçı kimi səncə, uğur üçün istək yoxsa dəstək daha vacibdir?
- Dəstək əlbəttə ki, lazımdır. Sonuncu dəfə Mahir müəllim (Məmmədov) icraiyyəyə gələndə çox dəstək oldu. Əlavə olaraq, həm də insandan çox şey asılıdır. İnsan istəsə, nə qədər çətin olsa belə, Allah kömək edir. Sonda hər bir əziyyət qarşılığını alır. 

- Gənc yaşda şahmatda sözünü deyən bir gənc kimi, bu yolda irəliləmək istəyənlərlə yəqin ki, təcrübəni böüşmək fikrindəsən…
- Təbii ki, kömək etməyi planlaşdırıram. Hamımız çalışırıq ki, məsləhətlə bbir-birimizə dəstək verək. Hər kəs bunu edə bilər. Öz işimdə daha böyük zirvələrə yüksəlib, sonra təcrübəmi bölüşmək istəyirəm. Əlbəttə, baxaq görək, necə olacaq. Mən özüm də hələ inkişafdayam.

-Bəzi ailələr qızların idmanla məşğul olmasını istəmir...
-Ümumiyyətlə insanın inkişafı üçün idman çox vacibdir. Professionallığı qoyuram qırağa, bir insan kimi, inkişafı üçün idman həmişə önəmlidir. Ona görə də qızları  idmana qoymamaq qızlara qarşı haqsızlıqdır. Yəni, fərqi yoxdur qız və ya oğlan, hamı inkişaf etməlidir. 

- Şahmata başladıqda ailənin münasibəti necə oldu, dəstək oldular yoxsa qarşı çıxmağa çalışanlar oldu?
- Uşaqlıqdan evdən dəstək olub. Anam və nənəm həmişə dəstəkləyib. Hər zaman mənə kömək edirdilər.

- Biz Ayanı gələcəkdə harda görə biləcəyik, hədəf nədir?
- Həyatımı şahmata bağlamışam və professional şahmatçı olmaq istəyirəm. İndi İdman Akademiyasında məşqçilik ixtisasında qiyabi təhsil alıram. Fikirləşirəm gələcəyim üçün idman təhsili vacibdir. Planlaşdırıram ki, praktiki şahmatla məşğul olum, yəni özüm oynayım. Gələcəkdə qrosmeyster olmaq istəyirəm.

- Öz həmyaşıdlarına nə məsləhət gömək istərdin?
-Həyatı elə yaşamağa çalışsınlar ki, sonra peşman olmasınlar. Vaxtını boş yerə itirməsinlər. Məsələn, kimsə 1 milyon pul versə, sonra soruşsa ki, o pulu neyləmisən, cavabında mənasız şeylərə xərcləmişəm desəm, adam utanar. Yəni, Allah bizə bu qədər vaxt, ağıl, imkanlar veribsə, düzgün dəyərləndirmək lazımdır ki, sonra peşman olmayasan.
 

writer photo
Əlirza Əlirzalı
0