Dünyada ikinci: “Qarabağ” Malayziya çempionunu keçdi
30.11.2022 - 15:26
Dünyada ikinci: “Qarabağ” Malayziya çempionunu keçdi

Dünyanın davam etməkdə olan ən uzun məğlubiyyətsiz seriyaları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Misli Premyer Liqasının XV turunda “Zirə” ilə qolsuz heç-heçə edən “Qarabağ”ın siyahıdakı mövqeyi dəyişib.

Qurban Qurbanovun yetirmələri artıq 35 matçdır uduzmur. Azərbaycan çempionu bu göstərici ilə 2-ci sıranın tək sahibi olub.

Ağdamlılar Malayziya çempionu “Darul Takzim”i keçib. Ötən ay başa çatan yarışı məğlubiyyətsiz çempion kimi bitirən komanda 34 oyundur xalsız qalmır. Super Liqa yekunlaşdığı üçün “Darul Takzim” bu seriyasını yalnız gələn mövsüm artıra bilər.

Dünya ikinciliyinə yüksələn “Qarabağ” yalnız “Srvena Zvezda”dan geri qalır. Belqrad klubu Serbiya çempionatında 43 oyundur məğlubiyyətlə üzləşmir.

Qeyd edək ki, “Qarabağ” sonuncu dəfə ötən mövsümün X turunun 2021-ci il oktyabrın 25-dəki qarşılaşmasında “Səbail”ə uduzub – 1:3.

writer photo
Əlirza Əlirzalı
0