Əfqan Həmzəyev: "Qərara gəldik ki, rayonumuzun komandasını yaradaq"
24.01.2024 - 23:01
Əfqan Həmzəyev: "Qərara gəldik ki, rayonumuzun komandasını yaradaq"

Bu mövsüm Region Liqasında yeni klublar yer aldı. Onlardan biri də Ağcabədi təmsilçisi "Olimpiya"dır. 

Apasport.az xəbər verir ki, hazırda bölgə komandası çempionatda yaxşı çıxışıyla diqqət çəkir. Bu uğurun sirri barədə Azərbaycanın təcrübəli referisi olmuş və klubun yaradıcılarından Əfqan Həmzəyevin fikirlərini öyrəndik: 

"Olimpiya" klubu rayonun Olimpiya İdman Kompleksinin nəzdində yaradılıb. Adıçəkilən idman kompleksində əvvəlcə aşağı yaş qrupları üzrə futbol qurpları yaratdıq. 9-10 yaşdan başlayaraq 15-16 yaşlı uşaqları məşqlərə cəlb etdik. Ardınca yaş qrupları üzrə komandalar yaratdıq. Məkanımızda 60 nəfər uşaq futbolun sirlərini öyrənir. Daha sonra qərara gəldik ki, rayonumuzun komandasını yaradaq və bu istəyimizə nail olduq. Heyətimizi veteran futbolçu ilə gənc oyunçulardan təşkil etmişik. Hesab edirəm ki, uğurlu sintezdir. Qarşımıza çempionluq kimi məqsəd qoyulmayıb. Əsas amalımız odur ki, Ağcabədinin komandası olsun. Amma hazırda yaxşı çıxış edərək qələbələri sıralayırıq. Elə 6-cı turda "Hacıqabul" səfərindən də 5:2 hesablı zəfərlə qayıtdıq. Sevindirici haldır ki, həm qrupumuzda, həm də çempionatımızda məğlub olmayan komandalar sırasındayıq. Bu uğurumuz gələcəyə daha inamla addımlamağımız üçün motivasiya olacaq".  

Abdulla İsmayıloğlu

writer photo
Əlirza Əlirzalı
0