"Sumqayıta qələbə ardınca gəlmişdik. Oyunumuz da pis alınmadı. Bilirdim ki, futbolçularım "Zirə"yə qarşı oyunla müqayisədə bu gün daha yaxşı reaksiya verəcəkdilər. "Zirə" ilə matça hazırlıq zamanı bütün futbolçular bizimlə deyildi. Vaxtımız yox idi. Ancaq bu həftəboyu demək olar ki, bütün oyunçular sərəncamımda idi və oyuna yaxşı hazırlaşa bilmişdik".
Apasport.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Reqekampf XXIX turda "Sumqayıt"ı 4:0 hesabı ilə darmadağın etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
– Nəticə oyuna görə oldu?
– Əlbəttə.
– Bu gün "Sabah" "Səbail"ə uduzdu, "Neftçi" isə qalib gələrək xal fərqini azaltdı. Demək olar ki, ikincilik uğrunda mübarizə daha da gərginləşir?
– Hər zaman dediyim kimi, indi də təkrarlayıram, oyundan-oyuna çalışacağıq ki, uğurlu nəticələr qazanaq. Biz "Turan Tovuz"la oyuna yollanacağıq və matç süni örtüklü meydançada olacaq. Ondan 3 gün sonra "Səbail"lə oynayacağıq, orada da süni örtüklü meydançadır. Həmin ərəfə bizim üçün çətin dönəm olacaq. Çünki hazırda qarşımızda duran ən ali məqsəd kuboku qazanmaqdır.
– "Sumqayıt"ın baş məşqçisi bildirdi ki, "Neftçi" çempionatda rəqibə ən çox qol epizodu verən komandadır. Bu fikirlə razısınız?
– Rəqib komandanın baş məşqçisinin dediklərini şərh etmək istəmirəm.