“Bu matça öncədən proqnoz vermək çətindir. Hər iki tərəf üçün çox ağır görüş olacaq”.
Bu sözləri “Cəbrayıl”ın baş məşqçisi Elhad Nəziri apasport.az saytına açıqlamasında deyib.
Mütəxəssis “Qarabağ” – “Malmö” matçı barədə fikirlərini bildirib: “Təmsilçimizə inamımız böyükdür. Gördükləri işlərə, imza atdıqları uğurlara görə kluba alqış düşür. Qurban Qurbanov və komandası sağ olsunlar ki, bizi Avropada bu cür futbolla tanıdırlar. Düzdür, ötən tur 10 nəfərlə qalan “Tottenhem”ə səfərdə 0:3 hesabı ilə məğlub oldular. Lakin İngiltərədə Premyer Liqa təmsilçisi ilə oynamaq heç də asan deyil. İspaniya, Almaniya, Fransa nəhəngləri belə Londondakı görüşlərdə çətinlik çəkirlər. Belə duellərdə keyfiyyət fərqi özünü göstərir. Bu günkü görüşdə komandamıza inamım tamdır. Qurban müəllimin rəqibi düzgün analiz etdiyindən şübhəm yoxdur. Ağdamlıların gözəl oyunla bizi sevindirəcəyini düşünürəm. “Qarabağ”dan gözləntimiz qələbədir”.
Qeyd edək ki, “Qarabağ” – “Malmö” görüşü bu gün 20:45-də start götürəcək.
İsmayıl Xeyrullayev