Elmar Baxşıyev: “Qəbələ” əlindən gələndən artığını edəcək”
27.07.2022 - 19:03
Elmar Baxşıyev: “Qəbələ” əlindən gələndən artığını edəcək”

“İlk qarşılaşmada məğlub olsaq da, sabahkı matça hazırıq. Düşünürəm ki, komanda əlindən gələndən artığını edəcək”.

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

42 yaşlı mütəxəssis Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qəbələ” – “Fehervar” (Macarıstan) görüşü öncəsi təşkil olunan mətbuat konfransında fikirlərini açıqlayıb: “Öz azarkeşlərimiz qarşısında oynayırıq və onları sevindirməyə çalışacağıq. Ümumi götürsək, komandanın səfərdəki ilk matçda nümayiş etdirdiyi oyundan məmnun qaldım. Görüşün müəyyən vaxtlarında oyunçular istədiyimizi maksimum verməyə çalışırdılar. Futbolçumuzun zədələnməsi də komandaya təsir etdi. İlkin Qırtımov əsas heyət üzvlərimizdən biridir. Onun meydandan çıxması oyun planında balansı pozdu. Rəqibi də fərqləndirərdim. “Fehervar” çox keyfiyyətli, yaxşı futbolçulardan ibarət kollektivdir. Amma yenə vurğulayıram ki, “Qəbələ” də rəqibimiz qədər keyfiyyətlərə malikdir. Düşünürəm ki, sabah hər iki tərəfi maraqlı matç gözləyir. Turnirə başlamamışdan əvvəl də heyətimiz çox geniş deyildi. Zədələnən futbolçu ilə bağlı durum hələ sual olaraq qalır. Qarşıda son məşqimiz var. Ümid edirik ki, bu məşqdən sonra müsbət qərar veriləcək”.

Qeyd edək ki, “Qəbələ” ilk qarşılaşmada 1:4 hesabı ilə uduzub. 
 

writer photo
Əlirza Əlirzalı
0