"Qarabağ"ın veteran futbolçusu Elvin Məmmədov Apasport.az saytına müsahibə verib.
- "Qarabağ" "Linkoln"u ilk matçda məğlub etməyi bacardı. Bu gün isə tərəflər cavab görüşünə çıxacaq. "Qarabağ"ın cavab görüşündə hansı nəticəni göstərəcəyini düşünürsən?
- İlk növbədə, "Qarabağ"a uğurlar arzulayıram. Məncə, təmsilçimiz bu mərhələni rahat keçərək növbəti mərhələdə rəqibini gözləyəcək. Hər halda, birinci oyunda da "Linkoln"a 2:0 qalib gəlib. Bakıdakı matçda da qələbə qazanacağını düşünürəm.
- Yəqin ki, hansısa sürprizin baş verə biləcəyini düşünmürsüz? "Linkoln" bunu edəcək gücdə görünmür...
- Xeyr, bu oyunda hansısa sürprizin olacağını düşünmürəm. Yəni, "Qarabağ"ın uduzacağı və ya bərabərə qalacağı fikrində deyiləm. İnanıram ki, "Qarabağ" öz azarkeşləri qarşısında böyük hesabla qalib gələcək. Buna çox inanıram. "Qarabağ" buna qadirdir.
- Hesab proqnozunuz necədir?
- Dediyim kimi, məncə, "Qarabağ" "Linkoln"u bu gün böyük hesabla məğlub edəcək.
- "Qarabağ"ın nümayiş etdirdiyi performans necə, istədiyiniz kimidir? Hansı çatışmazlıqları, hansı üstünlükləri gördünüz "Qarabağ"da?
- Birinci oyunlar onsuz da, çətin olur. "Qarabağ" da elə komandadır ki, oyundan-oyuna artırır, üstünə qoyaraq oyunlarını mükəmməlləşdirir. Təbii ki, birinci oyunda çatışmayan şeylər var, bu da normaldır. Rəqibdən asılı olmayaraq, birinci oyun həmişə çətin olur. "Qarabağ" oyundan-oyuna ən yaxşısını etməyə çalışır. İnanaq ki, onlar bu il də qrup mərhələsinə düşərək Azərbaycan xalqını sevindirəcək.
- "Qarabağ"ın yeni transferi Fabyan Buntiçdir. "Linkoln"la görüşdə işi çox olmasa da, ümumiyyətlə, bu qolkiper haqda hansı fikirdəsiz? Şahrudin Məhəmmədəliyevlə rəqabətdə hansı daha güclü görünür?
- Buntiç həqiqətən güvən verir. Almaniya futbolunu görüb, oralarda da oynayıb. Baxırsan ki, boyu yaxşıdır, Açığı, Buntiç məndə ciddi səhv edəcək təəssüratı yaratmır. Amma böyük oyunlarda onu daha yaxşı tanıyacağıq. Şahrudin isə mənə görə, Azərbaycanda bir nömrəli qolkiperdir. Bu, birmənalı şəkildə qarşılanmaya bilər, Şahrudin əziyyət çəkir, çox yaxşı oyunlar keçirib. O, millimizin qolkiperidir, Şahrudinə dəstək olmaq lazımdır. Mənə görə, Şahrudin çox yaxşı qapıçıdır. Ayaqla yaxşı oynayır. Bu isə hər komandaya, hər bir məşqçiyə lazımdır.
- "Qarabağ" Kadi uğrunda mübarizəni "Ferentsvaroş"a uduzdu. Mahir Emrelinin isə "Nürnberq"ə keçəcəyi gözlənilir. Sizcə, bu iki futbolçudan hansı "Qarabağ"a kömək edə bilərdi?
- Əgər keçsəydilər, "Qarabağ" daha dişli olacaqdı. Düzdür, indi də təmsilçimiz yaxşıdır. Sadəcə hər iki futbolçu "Qarabağ"ın gücünə güc qata bilərdi. Hər birinə uğurlar arzulayıram. Ən çox da Mahirə. Təki "Nürnberq"lə müqavilə imzalasın, orada qalsın, daha yaxşı yerlərə getsin.
- Ümumiyyətlə, "Qarabağ"dan bu mövsüm Çempionlar Liqasının qrupuna düşəcəyini gözləyənlər var. Sizcə, komanda buna hazırdır? Transferlər olmasa da, ötən mövsümkü heyət demək olar ki, qorunub-saxlanılıb. Qolkiperlər Andrey Lunyov və Luka Quqeşaşvili gedib...
- İldən ilə fərqlidir. Futbol elədir ki, bir oyunda gözləmədiyin nəticə də qeydə alına bilər. Amma məsələ orasındadır ki, "Qarabağ" heyətini qoruyub-saxlayıb, çox yaxşı heyətə malikdir. Ümid edirəm ki, yenə də qruplara qalacaqlar. Lakin düşəcək rəqiblər də çox önəmlidir. Qarşıdakı 2 turda dişimizə uyğun rəqiblər düşsə, niyə də "Qarabağ" yenidən Çempionlar Liqasının qrup mərhələsində yer almasın?